Qarabağ qaziləri “Özünüzə qıymayın!” adlı dəyirmi masa keçirib - FOTO

Qarabağ qaziləri “Özünüzə qıymayın!” adlı dəyirmi masa keçirib - <span style="color: red;">FOTO
# 21 fevral 2014 13:48 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. Bu gün “Qarabağ qaziləri” və “Vətən Müharibəsi Əlilləri” birliyinin təşkilatçılığı, Qarabağ qazilərinin iştirakı ilə “Özünüzə qıymayın!” adlı dəyirmi masa keçirilib.

APA-nın məlumatına görə, tədbirdə son zamanlar Qarabağ qazilərinin sosial problemini səbəb göstərərək intihar etməsi, onların intihardan çəkindirmə yolları barədə müzakirələr aparılıb.

“Qarabağ qaziləri” İctimai Birliyinin sədri Etimad Əsədov çıxışında bildirib ki, son zamanlar Qarabağ əlillərindən intihar edənləri sayı çoxalmaqdadır və bu da narahatçılıq yaradan haldır. Onun sözlərinə görə, hazırda qazilərin maarifləndirməsi, onların intihar etməsinin qarşısını alınması baxımından vacibdir.

E.Əsədov deyib ki, bu gün Azərbaycan dövlətinin və dövlətçiliyinin müdafiəsində dayanmış insanlar olaraq əlillərin xidmətləri nəzərə alınır, onlar avtomobillə, evlə təmin olunur: “Biz bunu yüksək qiymətləndiririk. Yanvar ayından başlayaraq qazilərin sosial problemlərinin həlli istiqamətində dövlət rəhbərliyi ilə görüşlər keçirilib. Bizdə məlumat var ki, keçirilən görüşlərin nəticəsi olaraq əlillərin statusu, sosial problemlərinin həlli ilə bağlı məsələ may ayında Milli Məclisdə müzakirəyə çıxarılacaq. Ona görə də biz qazilərimizi səbirli olmağa, intihara əl atmamağa çağırırıq”.

Qarabağın Azadlığı Uğrunda İslami Müqavimət Hərəkatının sədri Rövşən Əhmədli deyib ki, problemin həlli intihardan deyil, müzakirələrdən keçir və buna görə də əlillər özlərinə qıymamalıdır: “İntihar halları İslamda da bəyənilmir. Hər halda, qazilərimizin intihar səbəbləri araşdırılmalıdır. Düşünürəm ki, bu gün dövlət səviyyəsində sosial müdafiəyə ehtiyacı olan insanlara qayğı ilə yanaşılmalıdır. İnsanların özünə qıymağı ilə heç bir problem həll oluna bilməz. Problemin həlli, müzakirələrdən keçir və bu gün dövlət rəhbərliyi ilə bu müzakirələr aparılır”.

“Vətən Əlilləri” İctimai Birliyinin sədri Firudin Məmmədov isə qeyd edib ki, müharibə əlilləri gələcək nəsillərə bir örnək olduğu üçün özünə qıymamalıdır. O deyib ki, dövlət qazilərin çağırışlarına, müraciətlərinə müsbət yanaşıb: “Artıq problemlərimiz aradan qaldırılması üçün dövlət tərəfindən addımlar atılır. Yaxın gələcəkdə bu addımların nəticəsini öz həyatımızda görəcəyik”.

F.Məmmədov onu da qeyd edib ki, müharibə əlillərinin problemindən istifadə edib, bunu ölkədəki sabitliyə, dövlətçiliyə qarşı yönəltmək istəyən qüvvələr var: “Biz isə bu məsələlərə getməməliyik. Çünki biz bu dövləti quran insanlarıq və dövlət də bunu dəyərləndirir”.

Sonda dəyirmi masa iştirakçıları adından Azərbaycan qazilərinə müraciət ünvanlanıb. Müraciətdə qazilər səbirli olmağa, intihara əl atmamağa çağırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR