Azərbaycanda sənaye məhsullarının istehsalı 2% azalıb

Azərbaycanda sənaye məhsullarının istehsalı 2% azalıb
# 15 aprel 2014 09:55 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin I rübündə Azərbaycanda sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fiziki şəxslər tərəfindən 8,2 mlrd. manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 2.4% az sənaye məhsulu istehsal olunub.

APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, azalmanın əsas səbəbi neft hasilatında azalma ilə bağlıdır. Məhsulun 71,8%-i i mədənçıxarma bölməsində istehsal olunmuş, 10,4 mln. ton neft və 4,5 mlrd. kubmetr əmtəəlik qaz hasil edilib.

Sənayenin emal bölməsində üç ay ərzində 1,7 mlrd. manatlıq və ya 0,8% çox sənaye məhsulu istehsal olunub. Bölmədə qida məhsulları istehsalı 2,5%, toxuculuq sənayesi məhsulları istehsalı 8,7%, geyim istehsalı 7,0%, kimya sənayesi məhsulları istehsalı 12,3%, metallurgiya sənayesi 17,5%, tikinti materialları istehsalı 17,8%, maşın və avadanlıqların istehsalı 10,8%, elektrik avadanlıqları istehsalı 58,4%, avtomobil və qoşquların istehsalı 2,8 dəfə, sair nəqliyyat vasitələri istehsalı 3,5 dəfə, mebel istehsalı 43,7%, zərgərlik, musiqi, idman və tibb avadanlıqları istehsalı 61,7%, maşın və avadanlıqların quraşdırılması və təmiri 35,1% artıb.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində sənaye məhsullarının 6,5%-i və ya 532,4 mln. manat istehsal olunub. İstehsal olunmuş 6,0 mlrd. kVt.saat elektrik enerjisi ötən ilki səviyyədən 4,1% çox olub. Su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində məhsul istehsalı 17% artıb.

Sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 6,8% artıb, neft-qaz sektorunda isə 3,6% azalıb. Üç ay ərzində istehsal olunmuş məhsulun 99,4%-i istehlakçılara göndərilib. Bununla yanaşı, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 295,3 mln. manatlıq hazır məhsul olmuş və əvvəlki ayla müqayisədə 27,5 mln. manat azalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR