Lənkəran teatrına yeni direktor təyin olunub

Lənkəran teatrına yeni direktor təyin olunub
# 03 mart 2014 13:49 (UTC +04:00)

Lənkəran. Ağəddin Babayev - APA. Bu gün Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında bədii və texniki heyətlərin birgə iclası keçirilib.

APA-nın cənub bürosunun məlumatına görə, iclasda Mədəniyyət və Turizm Nazirliyi teatr sektorunun müdiri Nahidə İsmayılzadə də iştirak edib.

Teatrın yeni təyin olunmuş direktoru Tofiq Heydərovu kollektivə təqdim edən N.İsmayılzadə həmçinin 7 il kollektivə rəhbərlik etmiş İslam Həsənova təmsil etdiyi qurumun adından təşəkkürünü çatdırıb. O, Lənkəran teatrının kollektivinin əvvəlki nailiyyətlərindən arxayınlaşmayaraq, bundan sonra da yeni-yeni uğurlara imza atacağına əmin olduğunu bildirib.

İclasda teatrın aparıcı aktyorları, xalq artisti Qabil Quliyev, əməkdar artistlər Təvəkkül Əliyev, Adil Zeynalov, Sucəddin Mirzəyev, artist Eynəli Nurullayev və digərləri çıxış edərək, onlarla uzun müddət çiyin-çiyinə çalışmış İslam Həsənova minnətdarlıqlarını bildiriblər və ona gələcək fəaliyyətində uğurlar arzulayıblar. Kollektiv üzvləri birmənalı olaraq teatrın inkişafı üçün həyata keçiriləcək bütün layihələrin gerçəkləşməsində yeni direktora əllərindən gələn köməyi əsirgəməyəcəklərini söyləyib.

Qeyd edək ki, Lənkəran Dövlət Dram Teatrının direktoru təyin olunmuş Tofiq Heydərovun 57 yaşı var. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. Bir müddət Lənkəran teatrında aktyor, sonralar isə sahibkarlıq fəaliyyəti ilə məşğul olub. 7 il Lənkəran teatrına rəhbərlik etmiş 49 yaşlı İslam Həsənov isə Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayevin müvafiq əmri ilə Sumqayıt Dövlət Musiqili Dram Teatrına direktor təyin olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR