Ermənistan prezidenti Krımda keçirilmiş psevdoreferendumu tanıdığını bildirib

Ermənistan prezidenti Krımda keçirilmiş psevdoreferendumu tanıdığını bildirib
# 20 mart 2014 14:14 (UTC +04:00)

APA-nın məlumatına görə, bu barədə Ermənistan prezidentinin mətbuat xidmətinin açıqlamasında bildirilir. Mətbuat xidmətinin məlumatında deyilir ki, S. Sarkisyan bu fikirləri Rusiya prezidenti Vladimir Putinlə erməni tərəfinin təşəbbüsü baş tutan telefon danışığında ifadə edib.

Bununla yanaşı, tərəflər beynəlxalq hüququn norma və prinsiplərinə, ilk növbədə isə BMT Nizamnaməsinə riayət olunmasının vacibliyini vurğulayıblar.

Prezidentlər Ermənistanın Gömrük İttifaqına qəbulu istiqamətində atılan addımları da müzakirə ediblər.

Ukrayna mətbuatı isə bu məlumatı yayarkən bir məsələyə də diqqət çəkib. “Ukrainskaya pravda” yazır ki, prezidentlərin telefon söhbəti barədə Putinin mətbuat xidməti də xəbər yayıb. Lakin Rusiya prezidentinin mətbuat xidmətinin məlumatında Ermənistan prezidentinin telefon söhbəti zamanı Krımda keçirilmiş “referendum”u dəstəklədiyi qeyd olunmayıb. Sadəcə, bildirilib ki, prezidentlər Krım və Sevastopolun Rusiyaya birləşdirilməsi məsələsi barədə fikir mübadiləsi aparıblar.

“Ukrainskaya pravda” xəbərinə onu da əlavə edib ki, Ermənistan qonşusu olan Azərbaycanın ərazisində yerləşən separatçı Dağlıq Qarabağ regionuna qeyri-rəsmi dəstək verir, bununla belə, onu özünə birləşdirməyə cəhd göstərmir, elan olunmuş “müstəqilliyi” formal olsa belə, tanımır.

“Azərbaycan isə bütün ölkələrin, o cümlədən Ukraynanın ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyini bəyan edib”, - deyə “Ukrainskaya pravda” yazır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR