Bakıda fasiləsiz su alan əhalinin sayı 1,8 mln. nəfərə çatıb

Bakıda fasiləsiz su alan əhalinin sayı 1,8 mln. nəfərə çatıb
# 24 fevral 2014 13:42 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. «Azərsu» ASC Bakı şəhəri və ətraf qəsəbələrdə, eləcə də regionlarda su təchizatı və kanalizasiya infrastrukturlarının yenidən qurulması ilə bağlı ötən il genişmiqyaslı tikinti-quraşdırma işləri həyata keçirib.

Cəmiyyətdən «APA-Economics»ə verilən məlumata görə, Səhmdar Cəmiyyətinin yarandığı vaxtdan - 2004-cü ildən indiyədək ən böyük miqyasda tikinti işləri 2013-cü ildə icra edilib. İl ərzində 2 062 km uzunluğunda su xətti çəkilib ki, bu da 2012-ci illə müqayisədə 62% çoxdur.

Çəkilmiş su xətlərinin 1 222 km-i regionlarda həyata keçirilmiş layihələrin payına düşür. Ötən il 534 km uzunluğunda kanalizasiya xətti çəkilib ki, bunun da 433 km-i regionlarda inşa edilib. Ötən il paytaxt və regionlarda 17 ədəd su, 2 ədəd kanalizasiya nasos stansiyaları tikilərək istismara verilib. Anbarların tikintisi və yenidən qurulması üzrə işlərin həcmi 2 dəfə artıb. Belə ki, il ərzində 28-i rayonlarda olmaqla 56 ədəd su anbarı tikilib. İl ərzində 15 ədəd artezian və subartezian quyuları qazılıb, 191 min ədəd smart-kart sayğacı quraşdırılıb.

2011-2013-cü illərdə Bakı şəhəri və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının icrasını təmin etmək məqsədi ilə 2013-cü ildə içməli su təchizatı və kanalizasiya infrastrukturlarının yaradılması və yenidən qurulması istiqamətində işlər davam etdirilib. Bu məqsədlə ümumi uzunluğu 820 km içməli su xətti çəkilib və 300 km su xətti təmir edilib. Layihələrə uyğun olaraq ümumi uzunluğu 200 km olan kanalizasiya xətləri və kollektorları tikilib, 26 km kanalizasiya xətləri yenidən qurulub.

Dövlət Proqramının icra edildiyi müddətdə 220 min nəfər ilk dəfə mərkəzləşdirilmiş qaydada içməli su ilə təmin edilib və fasiləsiz su alan əhalinin sayı 900 min nəfərdən 1,760 mln. nəfərə çatdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR