Ali məktəblərin SABAH qruplarında təhsil almaq üçün 1147 tələbə qeydiyyatdan keçib

Ali məktəblərin SABAH qruplarında təhsil almaq üçün 1147 tələbə qeydiyyatdan keçib
# 22 may 2014 16:52 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na uyğun olaraq, yaradılan SABAH qruplarına tələbələrin qeydiyyatı davam edir.

Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, mayın 22-ə olan məlumata əsasən, SABAH qruplarına 1147 tələbə qeydiyyatdan keçib ki, onlardan 432 nəfəri qız, 715-i oğlandır. Qeydiyyatdan keçənlərin 774 nəfəri Azərbaycan, 89-u rus, 72-si ingilis bölməsində təhsil alan tələbələrdir. Hələlik daha çox xarici dil müəllimliyi (59), maliyyə (58), mühasibat uçotu və audit (49), Kompüter elmləri (37), dünya iqtisadiyyatı (30), elektronika mühəndisliyi (30), neft-qaz mühəndisliyi (29) ixtisasları üzrə təhsil alan tələbələr qeydiyyatdan keçiblər.

Qeyd edək ki, SABAH qruplarına tələbələrin seçimi təhsilin keyfiyyətinin daha da artırılması, tələbələr arasında sağlam rəqabətin formalaşması və müasir tələblər səviyyəsində kadrların hazırlanması zərurətindən yaranıb. SABAH qruplarında təhsil almaq istəyən tələbələrin qeydiyyatı iyunun 12-dək davam edəcək. SABAH qrupları 33 ali təhsil müəssisəsindən 8-nin bazasında yaradılacaq və 52 ixtisas olmaqla, 5 ixtisas qrupunu, ümumilikdə isə 20 minə yaxın tələbəni əhatə edəcək. Növbəti tədris ilindən 1300 tələbə II kursdan etibarən SABAH qruplarında təhsil alacaq. SABAH qruplarında təhsil almaq üçün dövlət ali təhsil müəssisələrinin tələbələri ilə yanaşı özəl ali məktəblərin tələbələri də müraciət edə biləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR