İranda tanınmış azərbaycanlı fəala 4 ay həbs cəzası verilib

İranda tanınmış azərbaycanlı fəala 4 ay həbs cəzası verilib
# 12 fevral 2014 07:51 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İranda tanınmış azərbaycanlı fəal barəsində məhkəmənin hökmü açıqlanıb.

APA-nın “Oyannews”a istinadən yaydığı məlumata görə, Mikayıl (Salar) Turiyə İran İslam Cəza Qanununun 500-cü maddəsi əsas götürülərək 4 ay həbs cəzası verilib. Azərbaycanlı fəal hakimiyyət əleyhinə təbliğat aparmaqda günahlandırılıb.

Qeyd edək ki, M.Turi ötən ilin fevralında İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşlarının Təbrizin Qolşəhr məhəlləsində yerləşən “Yanar” çay evinə basqını zamanı 45 nəfərlə birlikdə saxlanılıb. Həbs 2013-cü il fevralın 26-da Asiya Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində Təbrizin “Səhənd” stadionunda yerli “Traktor” komandası ilə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “Əl-Cəzirə” klubu arasında keçiriləcək qarşılaşma və 109 nəfər azərbaycanlı fəalın İranın Şərqi Azərbaycan vilayətinin Ermənistanla əlaqələrini genişləndirməsinə etiraz olaraq imzaladığı müraciətlə bağlı olub. Onlardan 40 nəfəri sorğu-sual edildikdən və bir gün ETTELAAT-ın Təbrizdəki təcridxanasında saxlanıldıqdan sonra fevralın 25-də səhər saatlarında azadlığa buraxılıb. Digər 5 azərbaycanlı fəal iki gün təcridxanada saxlanıldıqdan sonra fevralın 26-da axşam saatlarında zəmanətlə sərbəst buraxılıb. Lakin Təbriz Məhkəməsinin 19-cu şöbəsində keçirilən məhkəmə prosesində hakimiyyət əleyhinə təbliğat aparmaqda günahlandırılan azərbaycanlı fəallar barəsində həbs-qətimkan tədbiri seçilərək Təbriz həbsxanasına göndəriliblər. Martın 7-də onların məhkəmə prosesi keçirilib və Təbriz Məhkəməsinin 19-cu şöbəsinin hakimi azərbaycanlı fəalların azadlığa buraxılması üçün 100 milyon tümən dəyərində mülk girovu təyin edib. Martın 12-də axşam saatlarında M.Turi M.Əmiri, M.Xətibi, Ə.Sirnak və A.Xəndanla birgə 100 milyon tümən zəmanətlə sərbəst buraxılıb. M.Turi ötən il sentyabrın 16-da yenidən həbs edilib və 35 günlük həbs həyatından sonra oktyabrın 20-də 50 milyon zəmanətlə Təbriz şəhərinin mərkəzi həbsxanasından sərbəst buraxılıb. Bu il fevralın 9-da Təbriz İnqilab Məhkəməsinin ikinci şöbəsində 5 azərbaycanlı fəalın sonuncu məhkəmə prosesi keçirilib. Onları məhkəmədə vəkillər Cəfər Əfşarniya, Fatimə Səttari və Sima Bağban müdafiə ediblər. Hələlik digər azərbaycanlı fəallar barəsində məhkəmənin hökmü açıqlanmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR