Azərbaycanın milli təhlükəsizlik orqanlarının yaranmasının 95 illik yubileyi qeyd edilib - FOTO

Azərbaycanın milli təhlükəsizlik orqanlarının yaranmasının 95 illik yubileyi qeyd edilib - <span style="color: red;">FOTO
# 28 mart 2014 14:58 (UTC +04:00)

Bakı-APA. Martın 28-də Azərbaycanın milli maraqlarının qorunmasında və təhlükəsizliyinin təmin edilməsində xüsusi yeri və rolu olan milli təhlükəsizlik orqanlarının yaranmasının 95-ci ildönümü tamam olur. Yubiley və peşə bayramı münasibətilə Milli Təhlükəsizlik Nazirliyinin şəxsi heyəti Fəxri xiyabanda Heydər Əliyevin, akademik Zərifə Əliyevanın məzarlarını, Şəhidlər xiyabanını ziyarət edib.

Bayram tədbiri Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasında davam etdirilib.

Milli təhlükəsizlik naziri, general-polkovnik Eldar Mahmudov mərasimdə çıxış edib.

Nazir xüsusi təyinatlı ali təhsil ocağının şəxsi heyətini, kursantları və dinləyiciləri Azərbaycan təhlükəsizlik orqanlarının yaranmasının 95 illik yubileyi münasibətilə təbrik edib, çağdaş dövrdə milli təhlükəsizliyə cavabdeh strukturdan daim yüksək peşəkarlıq, çeviklik və səriştə tələb olunduğunu qeyd edib, xüsusi xidmət orqanlarının ölkədə həyata keçirilən müasirləşmə və yeniləşmə siyasətinin uğurla reallaşmasına bundan sonra da öz töhfələrini verəcəklərinə əminliyini bildirib.

Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasının rəisi, general-leytenant Ziya Yusifzadə də yubiley münasibətilə çıxışında bu təhsil ocağının inkişafındakı xidmətlərinə görə dövlət başçısına minnətdarlıq edib.

Sonra kursantlar təntənəli marşla tribunanın önündən keçiblər.

Yubiley mərasimi Milli Təhlükəsizlik Nazirliyinin Mədəniyyət Mərkəzində davam etdirilib.

Əvvəlcə baş nazir Artur Rasizadə mərasimdə iştirak etmək üçün Bakıya gələn xarici ölkələrin təhlükəsizlik və xüsusi xidmət orqanlarının rəhbərləri ilə görüşüb.

MDB Antiterror Mərkəzinin rəhbəri Andrey Novikov və Portuqaliya İnformasiya Sisteminin baş katibi Julio Pereira ölkələrimizin müvafiq strukturları arasındakı əlaqələrin səviyyəsindən razılıqlarını bildirib və bu münasibətlərin dövlətlərin beynəlxalq əməkdaşlığının formalaşmasında da mühüm rol oynadığını vurğulayıb.

Yubiley mərasimində Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Sonra Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.

Mərasimdə çıxış edən milli təhlükəsizlik naziri Eldar Mahmudov peşə bayramı münasibətilə təbriklərini çatdırıb, yubiley tədbirləri ilə əlaqədar ölkəmizə qonaq gələn tərəfdaş təhlükəsizlik və xüsusi xidmət orqanlarının rəhbərlərinə və nümayəndə heyətlərinə təşəkkürünü bildirib.

Nazir çıxışında bildirib ki, müstəqilliyin bərpasından ötən illər ərzində kəşfiyyat-pozuculuq, terror-təxribat və digər cinayətkar cəhdlər baş verir. Bu cəhdlərin qarşısı əksər hallarda qabaqlayıcı tədbirlərlə alınıb. Beynəlxalq terrorçuluqla mübarizə əsas fəaliyyət istiqaməti kimi daim diqqət mərkəzindədir. Son vaxtlar bəzi münaqişə bölgələrində beynəlxalq terrorçu təşkilat və qrupların fəallaşması ümumi narahatlığı daha da artırır. Azərbaycan Respublikası bu sahədə beynəlxalq birliyin səylərini tam müdafiə edir, siyasi, iqtisadi, dini və digər motivlərindən asılı olmayaraq, terrorun bütün forma və təzahürlərinə qarşı birmənalı barışmaz mövqe tutur. Eldar Mahmudov qeyd edib ki, ölkəmizdə, ümumən Cənubi Qafqazda təhlükəsizliyə təsir göstərən mühüm amil Azərbaycanın 20 faiz torpağının Ermənistan tərəfindən işğalıdır. Nəticədə həmin ərazilər dövlət nəzarətindən və beynəlxalq hüquq normalarının təsirindən kənarda qalıb. Bu isə beynəlxalq terrorçuluğa, narkotik vasitələrin qanunsuz dövriyyəsinə və insan alverinə, kütləvi qırğın silahları komponentlərinin yayılmasına əlverişli zəmin yaradır. Regional təhlükəsizlik əleyhinə olan bu amilin aradan qaldırılması beynəlxalq əhəmiyyət daşıyır. Bu baxımdan məsələyə ikili standartdan deyil, obyektiv yanaşılması çox vacibdir.

Milli Təhlükəsizlik Nazirliyində son illər aparılan islahatların fəaliyyətin daha səmərəli həyata keçirilməsinə zəmin yaratdığını qeyd edən nazir Eldar Mahmudov ən müasir texniki vasitələrlə təchizat sahəsində də mühüm işlər görüldüyünü bildirərək söyləyib: “Sözsüz ki, yaradılan şərait cinayətkarlıqla mübarizənin nəticələrinə müsbət təsir göstərir. Son illər onlarla terrorçu və radikal-ekstremist dəstə və ya qrup zərərsizləşdirilib. Ümumən, terror-təxribat fəaliyyətinin qarşısının alınması üzrə Milli Təhlükəsizlik Nazirliyi böyük uğurlar qazanıb və bu işdə digər hüquq mühafizə orqanları ilə qarşılıqlı əlaqə mühüm rol oynayıb”.

Milli təhlükəsizlik naziri beynəlxalq əməkdaşlıq əlaqələrinin daim inkişaf etdiyini vurğulayaraq, son illər bu münasibətlərin daha səmərəli xarakter aldığını, hazırda dünyanın 70-dən çox xüsusi xidmət orqanı və beynəlxalq təşkilat ilə sıx əməkdaşlıq edildiyini bildirib.

Nazir Eldar Mahmudov milli təhlükəsizlik orqanlarının Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin əmr və tapşırıqlarının icrasına hər an və dönmədən hazır olduqlarını bildirib.

Prezident Administrasiyasının hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin milli təhlükəsizlik orqanlarının yaranmasının 95 illiyi münasibətilə şəxsi heyətə təbrik məktubunu oxuyub.

Təbrik sözü ilə çıxış edən Rusiya Federal Təhlükəsizlik Xidmətinin direktoru, ordu generalı Aleksandr Bortnikov rəhbərlik etdiyi qurum ilə Milli Təhlükəsizlik Nazirliyi arasında sıx əməkdaşlıq münasibətlərinin formalaşdığını bildirib.

Azərbaycan milli təhlükəsizlik orqanlarını yubiley münasibətilə təbrik edən Portuqaliya İnformasiya Sisteminin baş katibi Julio Pereira çıxışında bildirib ki, dünya xüsusi xidmət orqanlarının beynəlxalq terrorçuluqla, transmilli mütəşəkkil cinayətkarlığın digər təhlükəli təzahürləri ilə mübarizədə əməkdaşlığı, səmərəli informasiya mübadiləsi mühüm rol oynayır.

Tədbirdə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə mərasim iştirakçıları adından müraciət qəbul olunub.

Sonda “Xüsusi funksiya” sənədli filmi nümayiş olunub. Yubiley mərasimi bədii proqramla davam edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR