Azərbaycanda kənd təsərrüfatı heyvanları arasında yayılmış xəstəliyin qarşısının alınması ilə bağlı xüsusi tapşırıqlar verilib

Azərbaycanda kənd təsərrüfatı heyvanları arasında yayılmış xəstəliyin qarşısının alınması ilə bağlı xüsusi tapşırıqlar verilib
# 28 avqust 2013 13:19 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu gün Kənd Təsərrüfatı Nazirliyində Səhiyyə Nazirliyinin mütəxəssislərinin də iştirakı ilə «Heyvandarlıq sahəsində mövcud vəziyyət, bünyavirus ailəsinə məxsus virus xəstəliyinə qarşı aparılan müalicə-mübarizə tədbirləri, qarşıda duran vəzifələr»ə həsr olunmuş geniş kollegiya iclası keçirilib.

Kənd Təsərrüfatı Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, kollegiya iclasında Dövlət Baytarlıq Xidmətinin rəisi, Respublika Baytarlıq Laboratoriyasının direktoru, sahənin alim və mütəxəssisləri bu xəstəliyin əlamətləri, klinikası, müalicə üsulları, yayılma arealı barədə geniş məlumat veriblər.

Baytarlıq Xidmətinin rəisi Sialə Rüstəmova bildirib ki, bu il iyul ayının axırlarından başlayaraq, xüsusən Aran rayonlarında xəstəliyin başlanması, qan nümunələrinin götürülərək Baytarlıq Laboratoriyasında müayinənin aparıldığını 35 rayonda heyvanların xəstəliyə yoluxduğunu, bu barədə Beynəlxalq Epizotik Büroya müraciət edildiyini, xəstə heyvanların müalicə olunduğunu və eyni zamanda bu xəstəliyin müalicəyə tabe olduğunu diqqətə çatdırıb. Bu virus mənşəli xəstəlik İngiltərə, Belçika, Almaniya, Fransa və bir çox Avropa ölkələrində yayıldığı, insanların qidalanması üçün heç bir təhlükə mənbəyinin olmadığı və insanların narahatçılığına heç bir əsas olmadığı bildirilib.

Kollegiyada iştirak edən kənd təsərrüfatı naziri İsmət Abasov xəstəliyin qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi üçün müvafiq tapşırıq və tövsiyələrini verib. Baytarlıq və heyvandarlıq sahəsində çalışan mütəxəssislərin yerlərə ezam olunması və bu məqsədlə əhalinin maarifləndirilməsi ilə bağlı göstəriş verib.

Kollegiyada Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin Dövlət Baytarlıq Təchizatı Birliyinə daxili vəsait hesabına alınmış 15 min kq dezinfeksiyaedici maddə - kaustik sodanın rayon və şəhər baytarlıq idarələrinə bölgüsü aparıldığı və ən qısa zamanda yerlərə çatdırılması barədə tapşırıq verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR