AFFA millinin futbolçusuna 9 oyunluq cəza verib

AFFA millinin futbolçusuna 9 oyunluq cəza verib
# 18 fevral 2014 12:51 (UTC +04:00)

Bakı – APA. Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Apasport.az saytının məlumatına görə, Topaz Premyer Liqasının XXI turunun “Bakı” – “Neftçi” matçında meydan sahiblərinin 5, qonaqların 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klublar hərəyə 1000 manat cərimə olunub.

İclasın əsas müzakirə mövzusu isə “Simurq”la “İnter”in əvəzedici heyətləri arasındakı görüş olub. “Qardaş komandalar” kimi tanınan rəqiblərin görüşü qalmaqalla yadda qalmışdı. Matçın 84-cü dəqiqəsində “İnter”in və millinin futbolçusu Coşqun Diniyev qol vurduqdan sonra rəqibin azarkeşləri olan tribunaya tərəf qaçaraq azarkeşlərə qeyri-etik jest göstərmiş, fanatlar isə öz növbəsində meydana daxil olmuşdu. Nəticədə hər iki klubun futbolçuları və azarkeşlər arasında münaqişə yaşanmışdı. Nəticədə iki klub ümumilikdə 15000 manat cərimələnib.

Baş verənləri araşdıran komitə hər iki klubun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün onların hərəsini 500 manat cəriməyə məruz qoyub. Oyun zamanı təhlükəsizlik təmin olunmadığı üçün “Simurq” 2500 manat ziyana düşüb.

Komanda üzvlərinin iştirakı ilə oyunda yaranmış məcburi fasilə və baş vermiş iğtişaşa görə hər iki klub 1500 manat cərimələnib. “Simurq”un oyunçusu Sahib Abbasov dava-dalaşda iştirak etdiyinə görə 6 oyunluq cəzalanıb və Zaqatala təmsilçisini 1500 manat xərcə salıb. “İnter”in futbolçusu Fərhad Budaqovun da cəzası eyni olub.

“Simurq”un inzibatçısı Mahmud Rasizadə də dava-dalaşdan kənar qalmayıb. Buna görə klub rəsmisi 10 oyunluq cəzalanıb, zaqatalalılar 3000 manat cərimələnib. Baş vermiş hadisənin səbəbkarı “İnter”in üzvü Çoşqun Diniyev dava-dalaşda iştirak etdiyinə və azarkeşlərə qarşı qeyri-etik jestinə görə 9 oyunluq kənarlaşdırılıb və klubu 2500 manat ödəyəcək.

Bu hadisə ilə bağlı Hakimlər Komitəsi matçın ədalət təmsilçiləri haqqında lazımi ölçü götürüb İntizam Komitəsinə məlumat versin.

“Rəvan”la matçda 4 futbolçusu sarı vərəqə ilə cəzalanan “Sumqayıt”ın əvəzediciləri də 500 manat cərimə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR