Azərbaycan Milli Olimpiya Komitəsinin Hesabat-seçki Baş Məclisi keçirilib - APA TV

Azərbaycan Milli Olimpiya Komitəsinin Hesabat-seçki Baş Məclisi keçirilib - <span style="color: red;">APA TV
# 03 aprel 2013 13:43 (UTC +04:00)

Apasport.az saytının məlumatına görə, qurumun inzibati binasında keçirilən tədbirə İcraiyyə Komitəsinin üzvləri ilə yanaşı, olimpiya və qeyri-olimpiya federasiyalarının, idman təşkilatlarının, dövlət strukturlarının nümayəndələri qatılıb.


Gündəlikdə 5 məsələ olub:

1. MOK-un İcraiyyə Komitəsinin 2009-2013-cu illərlə bağlı hesabatı
2. MOK-un Təftiş Komissiyasının hesabatı
3. MOK-un hesabat dövründəki fəaliyyəti ətrafında çıxışlar
4. MOK-un İcraiyyə Komitəsinin üzvlərinin seçilməyi
5. MOK-un Təftiş Komissiyasının üzvlərinin seçilməyi

Qurumun I vitse-prezidenti Çingiz Hüseynzadə çıxışında MOK prezidentinin 8, İcraiyyə Komitəsinin 4 ildən bir seçildiyini bildirib. Qurumun 125 üzvündən 102-nin konfransda iştirak etdiyini söyləyən Hüseynzadə ölkə idmanının inkişafında, dünyada tanınmağında MOK-un böyük rolunun olduğunu deyib: “4 il ərzində bir çox tarixi hadisələrimiz olub. Buna misal olaraq, London, Sinqapur Olimpiadasında uğurlar, 2015-ci I Avropa Yay Olimpiya Oyunlarının Bakıya salınmağı, 2020-ci Yay Olimpiya Oyunlarına namizədliyimizi verməyimizi, 2012-ci ildə 17 yaşadək qızlardan ibarət yığma komandalar arasında dünya çempionatının Azərbaycanda, MOK-un 20 illik yubileyinin keçirilməyini göstərmək olar. Beynəlxalq idman qurumları ilə sıx əlaqələrimiz var. Gənclər və İdman Nazirliyi ilə işimizi elə qurmuşuq ki, bu da nəticəsini verir”.

Hüseynzadə MOK-un son 4 illik fəaliyyəti barədə 180 səhifəlik kitabın hazırlandığını bildirib: “Azərbaycan idmanında qazanılan uğurlar çox az ölkələrə nəsib olur. Beynəlxalq miqyasda mükafat qazanan idmançılarımıza mənzil və təqaüdlərin verilməyi çəkdikləri əziyyətinin bəhrəsidir”.

Ardından Təftiş Komissiyasının sədri Eyvaz Qurbanov maliyyə məsələləri haqda məlumat verib. Gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov çıxışında bu 4 ildə ölkəmizdə 159 beynəlxalq yarışın, 1800-dən artıq respublika daxili yarışın keçirildiyini, idmançılarımızın 1200 yarışa ezam, 1100-dən çox təlim-məşq toplanışının təşkil olunduğunu açıqlayıb. Onun sözlərinə görə, idmançılarımız 998 qızıl, 816 gümüş, 1010 bürünc medal qazanıb.

MOK-un vitse-prezidenti Xəzər İsayevlə beynəlxalq dərəcəli güləş hakimi Hicran Şərifov da qazanılan uğurlar haqda danışıb.

Daha sonra MOK-un Təftiş Komissiyasının üzvləri seçilib. Buna 5 namizəd olub ki, Hicran Şərifov, Nazim Hüseynov, Firat Hüseynov, Lyudmila Şubina və Fərid Mansurovun namizədliyinə yekdilliklə səs verilib. Hesabat Komissiyasının 3 üzvü seçilib ki, Mirkamil Rəhimov, Qabil Mehdiyev və Eldar İsmayılova hamı səs verib.

MOK-un İcraiyyə Komitəsinin üzvlüyünə İlham Əliyev, Mehriban Əliyeva, Rəfiqə Şabanova, Zemfira Meftahəddinova, Zərifə Salahova, Azad Rəhimov, Çingiz Hüseynzadə, Ağacan Abıyev, Sadıq Sadıqov, Ələkbər Məmmədov, Namiq Abdullayev, Faiq Qarayev, Natiq Əliyev, Rauf Əliyev, Rauf Cabbarov, Xəzər İsayevin namizədliyi yekdilliklə qəbul olunub.

İcraiyyə Komitəsinin qərarına əsasən yeni heyətdə dəyişiklik olmayıb.

Belə ki, Ağacan Abiyev yenə baş katib, Çingiz Hüseynzadə, Azad Rəhimov və Xəzər İsayev vitse-prezident vəzifəsini icra edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR