Türkiyə müdafiə nazirliyinin nümayəndə heyəti Gürcüstanda səfərdədir

Türkiyə müdafiə nazirliyinin nümayəndə heyəti Gürcüstanda səfərdədir
# 15 mart 2013 19:20 (UTC +04:00)

Tiflis. Nizami Məmmədzadə-APA. Bu gün Türliyə müdafiə nazirliyi və Türkiyə silahlı qüvvələrinin baş qərargahının nümayəndə heyəti Gürcüstanda səfərdədir. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu gün nümayəndə heyəti Gürcüstan müdafiə nazirinin birinci müavini Levan Dolidze ilə görüşüb. Görüşdə tərəflər hərbi sahə və gələcək planlar barədə ikitərəfli əməkdaşlığın bir sıra məsələlərini müzakirə ediblər. Görüşdə eyni zamanda Gürcüstanın NATO-ya inteqrasiya və beynəlxalq sülhməramlı əməliyyatlarda iştirakı haqqında da söhbətlər aparılıb. L.Dolidze Türkiyə tərəfinə Gürcüstan silahlı qüvvələrinin inkişafı üçün göstərdiyi dəstəyə və töhfələrinə görə təşəkkürünü bildirib.

Bu gün nümayəndə heyətini Gürcüstan silahlı qüvvələri birləşmiş qərargahının rəisi polkovnik İrakli Dzneladze qəbul edib. O, qonaqlara orduda həyata keçirilən islahatlar barədə məlumat verib.

Səfər çərçivəsində Türkiyə nümayəndə heyəti Krtsanisi tədris mərkəzindəki Gürcüstan hərbi sənaye məhsulları və mərkəzin infrastrukturu ilə tanış olub.

Qeyd edək ki, Gürcüstan və Türkiyə hərbi sahədə artıq 20 ildir ki, əməkdaşlıq edirlər. İndiyədək Türkiyə hərbi məktəblərində 1500-dək Gürcüstan hərbçisi hərbi hazırlıq keçib. Türkiyə Gürcüstanın Milli Müdafiə Akademiyasının modernləşdirilməsində və tədris bazasının genişləndirilməsində töhfələrini bəxş edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR