MDB-də ümumi əmək bazarı yaradılacaq

MDB-də ümumi əmək bazarı yaradılacaq
# 02 aprel 2012 10:19 (UTC +04:00)
Bakı. Anaxanım Hidayətova - APA-Economics. MDB-nin ekspert qrupu ümumi əmək bazarının mərhələli formalaşdırılmasının tamamlanması və razılaşdırılması üzrə iclas keçirib.

APA-Economics”in MDB-nin saytına istinadən xəbərinə görə, iclasda 2011-2015-ci illərdə işçi qüvvəsinin miqrasiyasının tənzimlənməsi məsələləri də müzakirə olunub.

Qanun layihəsi MDB ölkələrinin vətəndaşları üçün ümumi əmək bazarının vəzifə və prinsiplərini, həmçinin işçi qüvvəsinin miqrasiyasının normativ hüquqi bazasının yaradılması və tənzimlənməsini nəzərdə tutur.

Sənəd layihəsi MDB-nin 2020-ci ilədək İqtisadi İnkişaf Strategiyasının reallaşdırılması məqsədilə beynəlxalq normativ-hüquqi aktların bazasında işlənilib. Ümumi əmək bazarının formalaşdırılması dedikdə, MDB üzvü olan ölkələrin məcmu əmək və intellektual potensialından effektiv istifadənin yüksəldilməsinə yönəlmiş işçi qüvvəsinin təkrar istehsalı, tənzimlənməsi, mübadiləsi və rasional istifadəsi üzrə razılaşdırılmış tədbirlər sistemi nəzərdə tutulur.

MDB-nin ümumi əmək bazarının formalaşdırılması birlik ölkələrinin iqtisadi inkişafının vacib faktoru olacaq və qarşılıqlı faydalı əsasda MDB məkanında inteqrasiya proseslərini sürətləndirəcək.

Ümumi əmək bazarının formalaşdırılmasının məqsədi MDB ölkələrində işçi qüvvəsinin təkrar istehsalı, tənzimlənməsi, mübadiləsi və rasional istifadəsi üçün hüquqi və institusional şərtlərin yaradılması, hər bir dövlətin milli əmək bazarlarının sosial-iqtisadi maraqlarının və tələblərinin nəzərə alınması şərti ilə birlik üzvü olan işçi qüvvəsinin sərbəst hərəkətinin təmin olunmasıdır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR