“Təmiz Şəhər” Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü ilə əlaqədar iməcilik aksiyası keçirəcək

“Təmiz Şəhər” Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü ilə əlaqədar iməcilik aksiyası keçirəcək
# 05 iyun 2012 11:18 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. “Təmiz Şəhər” ASC və “Xəzər” İnkişaf Fondu 5 iyun - Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günündən sonrakı ilk şənbə günü olan iyunun 9-da Xəzər rayonunda yerləşən çimərlik ərazisinin tullantılardan təmizlənməsi məqsədilə iməcilik aksiyasının keçirilməsini planlaşdırır.

ASC-dən “APA-Economics”ə verilən məlumata görə, təmizlik aksiyasının keçirilməsində məqsəd əhalinin yay ayları ərzində istirahət etdikləri məkanın təmizliyinə məsuliyyətli yanaşmasını təbliğ etmək və gənclərin ətraf mühitin mühafizəsi sahəsində fəal iştirakını təmin etməkdir.

Aksiyada “Yaşıl Velosipedçilər” Klubunun, “Green Baku” təşkilatının üzvləri və “Təmiz Şəhər” ASC-nin əməkdaşları iştirak edəcək. Çimərlik ərazisindən toplanan tullantılar Balaxanı poliqonuna daşınacaq.

İməcilik aksiyasında iştirak etmək istəyənlər üçün iyunun 9-da saat 10:00-da “Xətai” metro stansiyasının qarşısından çimərliyə xüsusi avtobuslar təşkil ediləcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR