Bu il Azərbaycanda güzəştli kreditlər hesabına 100-dək yeni müəssisə istismara veriləcək

Bu il Azərbaycanda güzəştli kreditlər hesabına 100-dək yeni müəssisə istismara veriləcək
# 15 mart 2012 14:20 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu il Azərbaycanda güzəştli kreditlər hesabına maliyyələşdirilmiş 96 istehsal, emal və infrastruktur müəssisəsinin istifadəyə verilməsi gözlənilir. «APA-Economics»in məlumatına görə, bunu Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev bildirib.

Nazirin sözlərinə görə, ötən il Azərbaycanda güzəştli kreditlər hesabına maliyyələşdirilmiş 33 istehsal, emal, infrastruktur müəssisələri istifadəyə verilib: «Bu il isə 96 müəssisənin istifadəyə verilməsi gözlənilir».

Ş.Mustafayev qeyd edib ki, bir çox məhsul növləri üzrə yerli istehsal hesabına təminat səviyyəsi artıb və yaxın 2-3 ildə bu sahədə daha yüksək nəticələr əldə etmək üçün zəmin yaradılıb. Belə ki, təkcə Sahibkarlığa Kömək Milli Fondunun güzəştli kreditlərindən istifadə etməklə, hazırda 23 quşçuluq fabrikinin, 5 heyvandarlıq kompleksinin, 14 soyuducu və taxıl anbarının, 13 istixana kompleksinin, 5 süd emalı, 3 ət emalı, 4 konserv, 8 çörək zavodlarının və digər müəssisələrin tikintisi aparılır: «Ümumilikdə, 2011-ci il ərzində Fondun vəsaitləri hesabına 1 643 sahibkara 138 mln. manat güzəştli kredit verilib və bu kreditlər hesabına 6 500-dək yeni iş yerinin yaradılması nəzərdə tutulub. Verilmiş kreditlərin 75%-i regionların payına düşüb».
Nazir onu da bildirib ki, 2011-ci ildə ölkə iqtisadiyyatının prioritet sahələrindən olan aqrar sektorda məhsul istehsalı 5,8% artıb: «Aqrar sektorda intensiv metodların tətbiqinin genişləndirilməsi, quşçuluq və heyvandarlıq komplekslərinin, intensiv bağçılıq təsərrüfatlarının, istixanaların və məhsulların saxlanılması üçün anbar infrastrukturlarının yaradılması regionların sosial-iqtisadi inkişafını sürətləndirməklə kənd təsərrüfatı məhsullarının istehsalını artırıb, bir sıra əsas ərzaq məhsulları üzrə tələbatın yerli istehsal hesabına təmin olunmasına, ərzaq mallarının qiymətlərinin sabitləşməsinə, qeyri-neft ixracının artırılmasına imkan verib. Görülmüş məqsədyönlü tədbirlər nəticəsində 2011-ci ildə 2,5 mln. tona yaxın taxıl istehsal olunub, tütün istehsalı 10,6%, bostan məhsulları istehsalı 10,3%, tərəvəz istehsalı 2,1%, meyvə və giləmeyvə istehsalı 5%, üzüm istehsalı 5,8% artıb. Əvvəlki illə müqayisədə ötən il ət istehsalında 4,3%, süd istehsalında 5,6%, yun istehsalında isə 3,7%-lik artıma nail olunub».
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR