«PAŞA Həyat Sığorta» şirkəti bazar payını 36%-ə çatdırıb

«PAŞA Həyat Sığorta» şirkəti bazar payını 36%-ə çatdırıb
# 31 oktyabr 2012 14:46 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «PAŞA Həyat Sığorta» şirkətinin 2012-ci ilin yanvar-sentyabr aylarında topladığı sığorta haqlarının həcmi 11,148 mln. manat təşkil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 51,4% çoxdur.

Şirkətin baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə sığorta hadisələri üzrə ödənilən vəsaitlərin həcmi təxminən iki dəfə artaraq 171,818 min manata çatıb. Bu dövrdə «İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə və əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta» növü üzrə yığımların həcmi 21,4% artaraq 8,710 mln. manata, «Həyatın ölüm halından sığortası» üzrə 3,9 dəfə artaraq 739 min manata, «Həyatın yaşam sığortası» üzrə isə 1,615 mln. manata çatıb.

Ödənişlərə gəlincə, hesabat dövründə «İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə və əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta» növü üzrə aparılan ödənişlər 0,3% azalaraq 86,035 min manat, «Həyatın ölüm halından sığortası» üzrə isə 85,782 min manat təşkil edib.

Təhlil aparılan dövr ərzində şirkətin banklara investisiya şəklində yatırdığı vəsaitlərin həcmi 72% artaraq 20,685 mln. manat, şirkətin əldə etdiyi mənfəətin həcmi isə 3,1 dəfə artaraq 5,795 mln. manat təşkil edib.

Həyat sığortası (yığımlar üzrə) bazarı üzrə aparılan araşdırma nəticəsində məlum olub ki, bu ilin 9 ayında həyat sığortası üzrə məcmu yığımlarda «PAŞA Həyat Sığorta» şirkətinin payı 36,4% təşkil edib.

Qeyd edək ki, «PAŞA Həyat Sığorta» şirkəti 2010-cu il noyabrın 24-də dövlət qeydiyyatına alınıb, sığorta fəaliyyətinə lisenziya (5 illik) isə 2011-ci il fevralın 14-də verilib. Cari ilin oktyabrın 1-nə şirkətin nizamnamə kapitalı 15,050 mln. manat təşkil edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR