Azərbaycanın keçmiş təhsil naziri Lidiya Rəsulova ilə vida mərasimi keçirilib - FOTOSESSİYA

Azərbaycanın keçmiş təhsil naziri Lidiya Rəsulova ilə vida mərasimi keçirilib - <font color=red>FOTOSESSİYA</font>
# 06 fevral 2012 13:38 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. Keçmiş təhsil və sosial təminat naziri Lidiya Rəsulova ilə vida mərasimi keçirilib.

APA-nın məlumatına görə, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) böyük zalında keçirilən vida mərasimində baş nazir Artur Rəsizadə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, digər hökumət və dövlət rəsmiləri iştirak ediblər.

AHİK sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev Lidiya Rəsulovanın həyat və fəaliyyəti haqqında çıxış edib. L. Rəsulovanın xalqına, dövlətinə bağlı olan ictimai xadim kimi xarakterizə edən S. Mehbalıyev vurğulayıb ki, o Azərbaycan müstəqilliyinin ilk illərində Heydər Əliyevin rəhbərliyi ilə ölkə təhsilinin qarşılaşdığı problemlərin həll istiqamətində də uğurla fəaliyyət göstərib.

Təhsil naziri Misir Mərdanov bildirib ki, L. Rəsulova bütün həyatını Azərbaycanın inkişafına həsr edib, rəhbərlik etdiyi bütün sahələrdə xalqını və dövlətinin mənafeyini əsas tutub.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimov da L. Rəsulovanı Azərbaycan qadınlarına nümunə olacaq xanım kimi dəyərləndiriblər.

Mərhumun nəvəsi Aydan Rəhimova L. Rəsulovanın görkəmli dövlət xadimi və lider qadınlarından biri kimi xarakterizə edib: “Bütün bunlarla yanaşı, o çox gözəl nənə və ana olub”.

Milli Məclisin keçmiş deputatı Asiya Manafova isə L. Rəsulova ilə rəfiqə olduqlarını deyib. O, L. Rəsulovanın adi fəhlə ailəsindən çıxaraq, yüksək vəzifələrə qədər irəliləməsini Heydər Əliyevin kadr siyasətinin nəticəsi adlandırıb: “Lidiya Rəsulova Azərbaycanın mogikan qadınlarından olub”.

Vida mərasimi başa çatdıqdan sonra mərhum II Fəxri xiyabanda dəfn edilib.

Qeyd edək ki, Lidiya Rəsulova 71 yaşında uzun sürən ağır xəstəlikdən sonra fevralın 5-də dünyasını dəyişib.

L. Rəsulova 1941-ci ildə anadan olub. 1981-88 illərdə Azərbaycan Həmkarlar İttifaqı Şurasının sədri, 1988-93 illərdə Azərbaycan sosial təminat naziri, Azərbaycan Dövlət Elm və Texnika Komitəsinin sədr müavini, 1993-97 illərdə təhsil naziri vəzifələrində çalışıb.

Azərbaycan SSR Ali Sovetinin (9-cu və 10-cu çağırış) deputatı, Ali Sovetin Xalq maarifi və elm komissiyasının üzvü, SSRİ Ali Sovetinin (11-ci çağırış) deputatı, Millətlər Sovetinin Xarici işlər komissiyasının üzvü olub.

L. Rəsulova "Şöhrət" ordeni ilə təltif edilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR