Azərbaycanda daşınmaz əmlakın qeydiyyatı 20% artıb

Azərbaycanda daşınmaz əmlakın qeydiyyatı 20% artıb
# 18 aprel 2012 11:26 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Bu ilin yanvar-mart aylarında Azərbaycanda 32 500-ə yaxın daşınmaz əmlak obyekti üzərində mülkiyyət hüquqları qeydiyyata alınıb. Ötən ilin eyni dövrünə nisbətən daşınmaz əmlakın qeydiyyatı 19,1% artıb. Bu barədə «APA-Economics»ə Əmlak Məsələləri Dövlət Komitəsindən (ƏMDK) məlumat verilib.

Hesabat dövründə 7 minə yaxın ipoteka müqaviləsi və yüklülük (icarə, istifadə) dövlət qeydiyyatına alınıb, eləcə də 31 minə yaxın daşınmaz əmlakın texniki inventarlaşdırılması aparılaraq texniki pasport və ya torpaq sahəsinin plan və ölçüsü tərtib edilib.

Bu il hüquqi və fiziki şəxslərə dövlət reyestrindən 22 minə yaxın məhdudiyyət arayışı, əhaliyə xidmətlə bağlı 6 mindən çox digər müxtəlif məzmunlu arayışlar verilib.

Komitənin məlumatına görə, təhlil olunan dövr ərzində daşınmaz əmlakın vahid kadastrının aparılması, ünvan reyestri və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi sahələrində də tədbirlər həyata keçirilib, dövlət mülkiyyətində olan daşınmaz əmlak obyektlərinin elektron kadastr məlumat bazasının yaradılması işlərinin icrası davam etdirilib. Eləcə də Azərbaycan ərazisində yeni formalaşdırılan irihəcmli daşınmaz əmlak obyektlərinin inşası üçün nəzərdə tutulmuş ərazilərin kadastr planlarının tərtibi və onlardan çıxarışların verilməsi istiqamətində də işlər görülüb.

Bundan başqa, Azərbaycan hökumətinin maliyyə vəsaiti hesabına ölkə ərazisinin daşınmaz əmlakın kadastrı məlumat bazasının və rəqəmsal kadastr xəritələrinin hazırlanması istiqamətində işlər davam etdirilib. İlkin mərhələdə ayrılmış maliyyə vəsaitinə uyğun olaraq, Sumqayıt şəhəri üzrə daşınmaz əmlaklar haqqında elektron kadastr məlumat bazasının yaradılması və rəqəmsal kadastr xəritələrinin tərtibi işlərinin icrası həyata keçirilir.

Bu dövrdə Əmlak Məsələləri Dövlət Komitəsi və Statens Kartverk - Norveç Xəritəçəkmə Təşkilatı arasında «Azərbaycanda ünvan reyestrinin informasiya sisteminin yaradılması Layihəsi»nin həyata keçirilməsi davam etdirilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR