Azərbaycan sığorta bazarı son bir ildə 55% artıb

Azərbaycan sığorta bazarı son bir ildə  55% artıb
# 18 oktyabr 2012 14:47 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Cari ilin yanvar-sentyabr aylarında Azərbaycanda fəaliyyət göstərən sığorta təşkilatları tərəfindən toplanan sığorta haqlarının ümumi həcmi 256,326 mln. manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisi ilə müqayisədə 55,1% çoxdur.

Maliyyə Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə sığorta hadisələri üzrə ödənişlərin ümumi həcmi 64,2% artaraq 41,190 mln. manata çatıb.

Bu müddət ərzində həyat sığortası üzrə daxilolmaların həcmi 4,4 dəfə artaraq 10,342 mln. manat, qeyri-həyat sığortası üzrə 23% artaraq 149,768 mln. manat, icbari sığorta növləri üzrə isə 2,3 dəfə artaraq 96,215 mln. manat olub.

Ödənişlərə gəldikdə isə həyat sığortası üzrə ödənilən vəsaitlərin həcmi təxminən 20 dəfə artaraq 2,885 mln. manata, qeyri-həyat sığortası üzrə 57% artaraq 52,943 mln. manata, icbari sığorta növləri üzrə isə 62,3% artaraq 7,284 mln. manata çatıb.

Daxilolmaların strukturunda ən çox sığorta haqqı «Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası» (53,425 mln. manat), «Tibbi sığorta» (47,636 mln. manat), «Avtonəqliyyat vasitələrinin sığortası» (42,313 mln. manat), «Əmlakın yanğından və digər risklərdən sığortası» (24,013 mln. manat), «İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta» (20,167 mln. manat), «Yüklərin (nəqliyyat) sığortası» (11,898 mln. manat) və «Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası» (11,100 mln. manat) növləri üzrə toplanıb. Bu növlərin məcmu sığorta haqlarında payı müvafiq olaraq 21%, 19%, 17%, 9,4%, 7,87%, 4,64% və 4,33% təşkil edib.

Ödənişlərdə isə ən çox vəsait «Tibbi sığorta» (28,865 mln. manat və ya 43%), «Avtonəqliyyat vasitələrinin sığortası» (16,698 mln. manat və ya 25%), «Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası» (5,594 mln. manat və ya 8,3%), «Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası» (3,349 mln. manat və ya 5,0%) və «Əmlakın yanğından və digər risklərdən sığortası» (1,199 mln. manat və ya 1,8%) növləri üzrə ödənilib.

Qeyd edək ki, Azərbaycanda 27 sığorta təşkilatı fəaliyyət göstərir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR