Azərbaycanın deqradasiyaya uğramış kənd təsərrüfatı torpaqları bərpa olunacaq

Azərbaycanın deqradasiyaya uğramış kənd təsərrüfatı torpaqları bərpa olunacaq
# 06 fevral 2012 11:09 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycanda kənd təsərrüfatı sahəsində yeni pilot layihələrin reallaşması kənd təsərrüfatı naziri İsmət Abasovla Dünya Bankının (DB) kənd təsərrüfatı sektorunun meneceri Dina Umali-Deininger və Bankın digər nümayəndələri arasında müzakirə olunub.

Nazirlikdən «APA-Economics»ə bildirilib ki, görüşdə aqrar sektorda bir neçə layihənin reallaşması müzakirə edilib. Bura, Azərbaycanın seçiləcək rayonunda kənd təsərrüfatı istehsalının təkmilləşdirilməsinə yönəlmiş mümkün pilot nümayişi təşəbbüsü, deqradasiyaya uğramış torpaqların hökumətin təklifinə əsasən bərpası, DB-nın Kənd Təsərrüfatının İnkişafı və Kreditləşməsi layihəsinin üçüncü fazası aiddir.

Azərbaycanın inkişafında, eyni zamanda aqrar islahatların həyata keçirilməsində DB ilə əməkdaşlığın çox böyük rolu olduğunu qeyd edən İ.Abasov bildirib ki, «Kənd Təsərrüfatının İnkişafı və Kreditləşdirilməsi Layihəsi»nin 3-cü fazasının hazırlanması ilə əlaqədar olaraq Layihənin əsas aspektləri barədə təkliflər ötən ilin əvvəllərində Banka təqdim olunub və bu layihə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən icra olunacaq.

Nazir qeyd edilən məsələlərin həllində, eləcə də Azərbaycanın aqrar-sənaye kompleksinin inkişafında DB-nın lazımi dəstəyini əsirgəməyəcəyinə əmin olduğunu bildirib. DB-nın nümayəndə heyətinin rəhbəri də bankın Azərbaycanda layihələrin həyata keçirilməsinə səy göstərəcəyini vurğulayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR