“Eurovision.tv”yə bu mövsüm 100 milyon baxış olub

“Eurovision.tv”yə bu mövsüm 100 milyon baxış olub
# 29 iyun 2012 11:12 (UTC +04:00)
Saytdakı videolar isə 150 milyon dəfə izlənilib

Bakı. Ülkər Rəşidqızı – APA. “Eurovision” mahnı müsabiqəsinin rəsmi saytı olan eurovision.tv 10 yaşını qeyd edir. APA-nın müsabiqənin rəsmi saytına istinadən yaydığı xəbərə görə, Estoniya televiziyası Tallin şəhərinin ev sahibliyi etdiyi “Eurovision 2002” mahnı müsabiqəsinin rəsmi saytı kimi qeydiyyatdan keçən və “Eurovision” ailəsini ətrafında birləşdirən internet səhifəsinə təkcə bu mövsümdə 100 milyon baxış olub. Sayta yerləşdirilən videolar 150 milyon dəfə izlənilib. Bu da ötən ilki nəticədən 80 % yüksəkdir. İnternet televiziyada canlı yayımlanan milli final konsertlərini izləyənlərin sayı 425 min nəfərə çatıb. Bu da ötən ilkilərlə müqayisədə onlayn tamaşaçı sayının 40% artdığını göstərir.

Azərbaycanın ev sahibliyi etdiyi 57-ci “Eurovision” mahnı müsabiqəsi şousunun final konsertini ümumilikdə 186 ölkənin tamaşaçısı eurovision.tv-dən izləyib. Onların sırasında ABŞ, Böyük Britaniya, Almaniya, Polşa, İspaniya, eləcə də Vatikan, Maldiv adaları və digər ölkələrin tamaşaçıları var. Elə bu ildən başlayaraq Avropanın nüfuzlu televiziya müsabiqəsini EurovisionFamily.tv daxil olmaqla 6 sosial şəbəkədə də izləmək mümkün olub. Hazırda müsabiqənin onlayn fanatlarının sayı 1 milyon nəfəri ötüb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR