Qətldə təqsirləndirilən tələbəyə və onun dostuna hökm oxunub

Qətldə təqsirləndirilən tələbəyə və onun dostuna hökm oxunub
# 30 oktyabr 2012 14:28 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində xüsusi amansızlıqla qətl hadisəsi törətməkdə təqsirli bilinən Vüqar Bəkirov və Natiq Camalovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, prosesdə hökm oxunub. Hökmə əsasən, V. Bəkirov 14 il, N. Camalov isə 15 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, ötən il dekabrın 3-də saat 09:00 radələrində Siyəzən rayonunun Qırçal kəndi ərazisində üzərində 30-dan artıq bıçaq yarası almış və zorakılığa məruz qalmış kişi meyiti aşkar edilib. Siyəzən Rayon Polis İdarəsinin əməkdaşlarının hadisə yerində apardıqları əməliyyat araşdırmaları nəticəsində məlum olub ki, bu, Sumqayıt şəhər sakini, Səməd Vurğun küçəsi 24 ünvanında qeydiyyatda olan və Sumqayıt Şəhər Polis İdarəsində itkin kimi axtarışda olan 1991-ci il təvəllüdlü Elvin Vəliyevin meyitidir.

Belə ki, Elvin Vəliyev uzun müddətdir ki, özünün idarə etdiyi "VAZ-2107" markalı maşını ilə itkin düşmüş kimi Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən axtarışda olub.

Hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətdə şübhəli bilinən Siyəzən şəhər sakini, 1983-cü il təvəllüdlü Natiq Camalov və Bakı şəhəri sakini 1989-cu il təvəllüdlü Vüqar Bəkirov tutulub.

İstintaqla müəyyən edilib ki, Natiq Camalov Elvin Vəliyevlə əvvəllər aralarında baş vermiş münaqişəyə görə onu qəsdən öldürmək qərarına gəlib. O, Bakının Binə qəsəbəsində birgə kirayə qaldığı həmyerlisi Vüqar Bəkirovla birlikdə taksi fəaliyyəti ilə məşğul olan Elvin Vəliyevin avtomaşınına əyləşərək, onları Siyəzən şəhərinə aparmağı xahiş edib.

Natiq dostu Vüqarın köməkliyi ilə Elvini yerə yıxıb. Sonra Natiq yenidən Elvinə çoxsaylı bıçaq zərbələri vuraraq onu öldürüb və maşını oğurlayıblar. Onu da əlavə edək ki, Vüqar Bəkirov Azərbaycan Milli Aviasiya Akademiyasının tələbəsidir.

Hər iki təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 120.2.5-ci (tamah məqsədi ilə və ya sifarişlə, habelə zərərçəkmiş şəxsin orqanlarından və ya toxumalarından istifadə etmək məqsədi ilə adam öldürmə) maddələri ilə ittiham edilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR