Bakıda “Müasir təhsil proqramlarının tətbiqi: reallıqlar və perspektivlər” mövzusunda konfrans keçirilib

Bakıda “Müasir təhsil proqramlarının tətbiqi: reallıqlar və perspektivlər” mövzusunda konfrans keçirilib
# 23 oktyabr 2012 10:57 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı-APA. Sabunçu rayonu ərazisində yerləşən 252 saylı məktəbdə “Müasir təhsil proqramlarının (kurikulumların) tətbiqi: reallıqlar və perspektivlər” mövzusunda elmi-praktik konfrans keçirilib. APA-nın məlumatına görə, təhsil naziri Misir Mərdanov konfransdan əvvəl məktəbdə keçirilən dərslərdə iştirak edib.

Konfransda çıxış edən nazir bildirib ki, tədbirin keçirilməsində məqsəd orta təhsil sahəsində həyata keçirilən islahatların icra vəziyyətini öyrənməkdir: “Bu tipli tədbirlər ayda bir dəfə təşkil ediləcək. Biz bu məktəbə tədbirin keçiriləcəyi haqda əvvəlcədən məlumat vermişdik. Lakin gələcəkdə belə tədbirlər xəbərdarlıq edilmədən keçiriləcək və dərslərdə oturacağıq”. Açıq dərslərlə bağlı təəssüratını açıqlayan M.Mərdanov bəzi iradlarını bildirib. Nazir deyib ki, kurikulumların tətbiqi ilə bağlı məktəblərdə qruplarla işlərə daha çox üstünlük verilməsinin effekti tədqiqatçılar tərəfindən araşdırılmalıdır: “Bütün dərsi qruplarla işə çevirmək olmaz. Bu işin xeyirli olub-olmadığı araşdırılmalıdır”. Nazirin digər iradı isə bəzi siniflərdə yazı lövhəsinin olmaması ilə bağlı olub: “Ən azı riyaziyyat dərsində yazı lövhəsi və tabaşirdən istifadə edilməlidir. Amma indi elə siniflər var ki, orada heç lövhə də yoxdur”.

Təhsildə mövcud olan digər problemlərə də toxunan nazir bildirib ki, ən savadlı və müasir təlim metodikasını yaxşı bilən müəllimlər şəhərin mərkəzindəki məktəblərə toplaşıblar. Onun sözlərinə görə, belə müəllimlər az dərs götürür, repititorluqla məşğul olur və daim özləri üzərində işləyirlər. Nazir bunun bəzi qəsəbələrdə müəllim çatışmazlığına səbəb olduğunu deyib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR