«Finca Azerbaijan» Abşeronda kənd kreditlərinin verilməsinə başlayıb

«Finca Azerbaijan» Abşeronda kənd kreditlərinin verilməsinə başlayıb
# 12 aprel 2012 13:48 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «Finca Azerbaijan» bank olmayan kredit təşkilatının Abşeron rayonunda ilk kənd kredit qrupu yaradılıb.
Təşkilatdan «APA-Economics»ə verilən məlumata görə, quşçuluq və əkinçiliklə məşğul olan «İlk» adlı 4 nəfərdən ibarət qrupun hər bir üzvünə Sumqayıt filialı vasitəsi ilə 1500 manat məbləğində kredit verilib.
Abşeron bölgəsində kənd təsərrüfatı ilə məşğul olan şəxslərin müraciətləri və tələbatlarını nəzərə alaraq həmin sahibkarlar üçün kənd kredit qrupu məhsulundan faydalanmaq imkanı yaradılıb. Kənd kredit qrupu məhsulu bitkiçilik, heyvandarlıq, satış üçün məhsul əkini, südçülük, digər emal sahələri və kənd məhsullarının ticarəti ilə məşğul olan şəxslər üçün nəzərdə tutulub.
Sadalanan sahələrdə fəaliyyət göstərən şəxslər, dörd nəfərdən ibarət olan qrup yaratmaqla birgə zaminlik əsasında, girov təqdim etmədən kredit məhsulundan istifadə edə bilərlər. Hazırda Bakı ətrafı ərazilərdə işləyən sahibkarlara Sumqayıt, Mərdəkan, Xırdalan filialları bu kredit məhsulunu təklif edir.
Xatırladaq ki, təsisçisi ABŞ-ın «Finca İnternational» təşkilatı olan «Finca Azerbaijan» qeyri-bank kredit təşkilatı 1998-ci ildə yaradılıb. Təşkilat 29 filial və 35 sub-ofisi vasitəsilə 120 mindən çox aktiv müştəriyə xidmət göstərir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR