Turizm Filmləri Festivalına film qəbulu başa çatıb

Turizm Filmləri Festivalına film qəbulu başa çatıb
# 29 aprel 2016 15:47 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. III Bakı Beynəlxalq Turizm Filmləri Festivalına (BBTFF) film qəbulu başa çatıb. Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, festivalın seçim komissiyasına ümumilikdə 71 ölkədən (ABŞ, Türkiyə, Argentina, Avstraliya, Baham adaları, Banqladeş, Birləşmiş Ərəb Əmirlikləri, Braziliya, Butan, Çili, Çin, CAR, Dominikan Respublikası, Hindistan, İraq, İsrail, Kanada, Kolumbiya, Konqo, Malaziya, Mavritaniya, Meksika, Mərakeş, Misir, Monqolustan, Nepal, Oman, Peru, Ruanda, Şri Lanka, Vietnam, Yaponiya, bir çox Avropa və MDB ölkələri) 420 film təqdim olunub.

Seçim komissiyası göndərilən filmlər arasından 28 ölkədən 78 filmi müsabiqə proqramına qəbul edib. Müsabiqə üçün seçilən filmlər 5 kateqoriya üzrə yarışacaq və kinematoqrafçılar, media, səyahət və turizm ekspertlərindən ibarət 6 nəfərlik beynəlxalq münsiflər heyəti tərəfindən qiymətləndiriləcək..

Münsiflər heyəti hər kateqoriya üzrə 3 filmi müəyyən edərək mükafatlandıracaq. Festivalda yarışan yerli filmlər həm də Milli Mükafat uğrunda mübarizə aparacaqlar.

BBTFF müsabiqə və müsabiqədənkənar nümayiş proqramları ilə yanaşı seminarlar, müzakirələr, film müəllifləri ilə turizm mütəxəssisləri və KİV təmsilçiləri arasında mübadilələr həyata keçirəcək.

Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə iyunun 1-dən 4-dək Nizami Kino Mərkəzində III Bakı Beynəlxalq Turizm Filmləri Festivalı keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR