“Zaqatala” Azərbaycan çempionatında oynamaq üçün AFFA-ya müraciət edib

“Zaqatala” Azərbaycan çempionatında oynamaq üçün AFFA-ya müraciət edib
# 18 may 2016 11:43 (UTC +04:00)

Bakı – APA. “Lisenziya ilə bağlı AFFA-ya ərizə təqdim etmişik. Hələ cavab yoxdu”. Bu sözləri apasport.az saytına açıqlamasında “Zaqatala” klubunun prezidenti Musa Qurbanov deyib.

Ötən il yaradılan və I divizionda mövsümü 6-cı pillədə başa çatdıran bölgə klubu Premyer Liqada iştirak etməyə hazırdı. “Zaqatala” rəhbərliyi bunun üçün assosiasiyaya ərizə də təqdim edib.

“Xəzər Lənkəran” və “Rəvan”la yanaşı, I divizion təmsilçilərinin lisenziya tələblərini yerinə yetirmədiyi bildirilsə də, “Zaqatala” klubunun prezidenti onların bu sarıdan problemlərinin olmadığını qeyd edib.

Qurbanov hazırda federasiyadan cavab gözlədiklərini qeyd edib. Onun sözlərinə görə, “Zaqatala”nın maddi vəziyyəti yüksək dəstədə çıxış etməyə imkan verir: “Lisenziya ilə bağlı bizə irad tutulası bir şey yoxdu. Əksinə, özümüz müraciət etmişik. Hələ bir söz deyilməyib. Federasiya ilə əlaqə saxlamışıq. Dedilər ki, gözləyin. Lisenziya verilsə, “Zaqatala” Premyer Liqada iştirak etməyə hazırdı. Klubun maddi vəziyyəti də buna imkan verir. Hər halda, ərizə təqdim etmişiksə, deməli, maddi cəhətdən də problemimiz yoxdu. Bəziləri “Zaqatala”nın növbəti mövsümdə Premyer Liqada çıxışının dəqiqləşdiyini deyirlər. Bunlar hamısı şayiələrdi. AFFA və PFL rəhbərliyi ilə elə söhbətimiz olmayıb”.

Musa Qurbanov “Zaqatala” Azərbaycan çempionatının bürünc medalını qazanmış “Simurq” səviyyədə komanda ola biləcəkmi” sualına belə cavab verib: “İnşallah, bunu bacaracağıq. Hər şey birdən qurulmur ki… Vaxt lazımdı. Yavaş-yavaş “Simurq”dan da yaxşı komanda olacağıq. Fikirləşirəm ki, biz o klubda çalışanlardan peşəkarıq, uzun müddətdi futbolun içindəyik. Biz daha peşəkar klub olmağı düşünürük”.

Qeyd edək ki, lisenziyalaşdırma komissiyası “Xəzər Lənkəran” və “Rəvan”, həmçinin I divizion klublarına Premyer Liqada iştirak etmək üçün tələb olunan lisenziya şərtlərini yerinə yetirmək üçün 14 gün vaxt verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR