Azərbaycan Mərkəzi Bankı iyunda banklara 13 mln. manata yaxın yenidənmaliyyələşdirmə krediti verib

Azərbaycan Mərkəzi Bankı iyunda banklara 13 mln. manata yaxın yenidənmaliyyələşdirmə krediti verib
# 09 avqust 2016 08:46 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Bu ilin iyulun 1-nə Azərbaycanda yenidənmaliyyələşdirmə kreditlərinin həcmi 6 mlrd. 360,5 mln. manat təşkil edib.

Azərbaycan Mərkəzi Bankından (AMB) “APA-Economics”ə verilən məlumata görə, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 mırd. 129,9 mln. manat və ya 50,3% çoxdur.

Statistikaya nəzər salanda məlum olur ki, iyun ayında AMB banklara 12,6 mln. manatlıq yenidən maliyyələşdirmə krediti verilib. Bu kreditin faiz dərəcəsi 7% olub.

Ümumiyyətlə, ilin əvvəlindən Mərkəzi Bank banklara 202,8 mln. manatlıq yenidən maliyyələşdirmə krediti verib.

Xatırladaq ki, Mərkəzi Bank banklara 3 növ - yenidənmaliyyələşdirmə, sonuncu instansiya və məqsədli kreditlər verir. Yenidənmaliyyələşdirmə kreditləri banklara 30 günədək, 360 günədək və 360 gündən yuxarı müddətə verilə bilər. 30 günədək yenidənmaliyyələşdirmə kreditləri Mərkəzi Bankın pul siyasətinin həyata keçirilməsi məqsədilə verilir. 30 günədək yenidənmaliyyələşdirmə kreditləri birbaşa və ya dolayı hərraclar vasitəsilə verilir. 30 günədək yenidənmaliyyələşdirmə kreditləri Mərkəzi Bankın uçot dərəcəsi ilə faiz dərəcələri dəhlizinin yuxarı həddi arasında müəyyən edilmiş faiz dərəcəsi ilə verilir. Yenidənmaliyyələşdirmə kreditləri Mərkəzi Bankın İdarə Heyəti tərəfindən siyahısı təsdiq olunmuş qiymətli kağızlar (bu siyahı Mərkəzi Bankın internet saytında yerləşdirilir), kredit alan bankın Mərkəzi Bankda ABŞ dolları, Avro və İngilis funt sterlinqində olan müxbir hesablarındakı vəsaitlər qismində aktivlərlə təmin olunmalıdır. 30 günədək yenidənmaliyyələşdirmə kreditləri birdəfəlik kredit formasında verilir və müddəti uzadılmır. Təminat hərracın keçirildiyi gündən 5 iş günü ərzində rəsmiləşdirilmədikdə kreditin verilməsindən imtina olunur. 360 günədək yenidənmaliyyələşdirmə kreditləri Mərkəzi Bankın pul siyasətinin həyata keçirilməsi məqsədilə verilir. 360 günədək yenidənmaliyyələşdirmə kreditləri Mərkəzi Bankın uçot dərəcəsi ilə verilir. 360 günədək verilən yenidənmaliyyələşdirmə kreditləri dövlət zəmanəti, Mərkəzi Bankın İdarə Heyəti tərəfindən siyahısı təsdiq olunmuş qiymətli kağızlar (bu siyahı Mərkəzi Bankın internet saytında yerləşdirilir), kredit alan bankın Mərkəzi Bankda ABŞ dolları, Avro və İngilis funt sterlinqində olan müxbir hesablarındakı vəsaitlər, daşınmaz əmlak və qızıl külçə formasında bank metalı qismində aktivlərlə təmin olunmalıdır. Makroiqtisadi vəziyyət nəzərə alınmaqla 360 gündən yuxarı müddətədək yenidənmaliyyələşdirmə kreditləri verilə bilər. Bu növ kreditlərin verilməsi barədə qərar Mərkəzi Bankın İdarə Heyəti tərəfindən qəbul edilir. Belə kreditlərin verilməsi şərtləri hər bir halda Mərkəzi Bankın İdarə Heyətinin qərarı ilə müəyyən edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR