Azərbaycan Gənclər Təşkilatları Milli Şurasının Hesabat-Seçki Konfransı keçirilib

Azərbaycan Gənclər Təşkilatları Milli Şurasının Hesabat-Seçki Konfransı keçirilib
# 26 may 2016 14:10 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Bu gün Azərbaycan Gənclər Təşkilatları Milli Şurasının (AGTMŞ) XIV Hesabat – Seçki Konfransı keçirilib.

APA-nın xəbərinə görə, AGTMŞ-nin sədri Şahin Seyidzadə tədbir iştirakçılarına Şura haqda ətraflı məlumat verib. Ş. Seyidzadə bildirib ki, Şura 1995-ci ildən fəaliyyət göstərir: “Son 4 ildə çox ciddi işlər görülüb. Təşkilat üzvlərinin sayı son illər artıb”.



Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Tahir Süleymanov qeyd edib ki, Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının sayı kifayət qədər çoxdur: “Ədliyyə Nazirliyində qeydə alınmış qeyri-hökumət təşkilatlarının sayı 3000-ə yaxınlaşıb. Onlardan təxminən 300-ə yaxını gənclər təşkilatıdır. Şuranın beynəlxalq qurumlarla çox səmərəli əlaqələri var. Azərbaycan çox nadir ölkələrdəndir ki, burada Gənclər və İdman Nazirliyi ilə bərabər Gənclər Fondu da fəaliyyət göstərir”.



T. Süleymanov əlavə edib ki, Azərbaycanda nümunəvi gənclik siyasəti formalaşıb: “Azərbaycan Avropa məkanında yeganə ölkələrdəndir ki, gənclərin fərdi layihələri maliyyələşdirilir”.



Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev bildirib ki, AGTMŞ bu gün gənclər platformasında özünəməxsus yer tutur: “Biz Şuranı özümüzə ən böyük partnyor hesab edirik. Şura dövlət siyasətinin prioritet istiqamətlərini dəstəkləyib, ölkənin ictimai-siyasi həyatında yaxından iştirak edib”.



Tədbirdə seçkilər də keçirilib. Səsvermə nəticəsində Seymur Hüseynov AGTMŞ-nın sədri seçilib. Konfransda AGMTŞ-nın Mərkəzi Nəzarət –Təftiş Komissiyası və İdarə Heyətinin tərkibi də formalaşdırılıb.



Qeyd olunub ki, AGMTŞ-nın tərkibində 112 gənclər təşkilatı birləşib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR