Gələn həftə altı rayonda səyyar formada protez-ortopedik bərpa xidməti təşkil olunacaq

Gələn həftə altı rayonda səyyar formada protez-ortopedik bərpa xidməti təşkil olunacaq
# 12 may 2016 08:26 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən gələn həftə 6 rayonda səyyar formada protez-ortopedik bərpa xidməti təşkil olunacaq.

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, ƏƏSMN tərəfindən bölgələrdə əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlar üçün təşkil olunan səyyar formada protez-ortopedik bərpa xidməti gələn həftə Balakən, Zaqatala, Qax, Şəki, Oğuz və Qəbələ rayonlarında davam etdiriləcək.

Nazirliyin Protez-Ortopedik Bərpa Mərkəzinin tibbi-texniki briqadası mayın 18-də saat 10:00-dan 14:00-dək Balakən rayon Əhalinin sosial müdafiəsi mərkəzinin (ƏSMM) və saat 15:00-dan 19:00-dək Zaqatala rayonu üzrə Tibbi-Sosial Ekspert Komissiyasının inzibati binalarında, mayın 19-da saat 9:00-dan 13:00-dək Qax rayon ƏSMM-nin və saat 14:00-dan 19:00-dək Şəki Əlillərin Regional Bərpa Mərkəzində müvafiq şəxslərə səyyar formada protez-ortopedik bərpa xidməti göstərəcək.

Mayın 20-də isə saat 9:00-dan 13:00-dək Oğuz rayon mərkəzi xəstəxanasında və 14:00-dan 18:00-dək Qəbələ rayon mərkəzi xəstəxanasında həmin rayonlarda yaşayan əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlar səyyar şəkildə protez-ortopedik bərpa xidməti ilə təmin ediləcəklər.

Qeyd olunan rayonlar üzrə əvvəlcədən qeydiyyata götürülmüş vətəndaşlara, habelə göstərilən vaxtlarda və ünvanlarda müraciət edən müvafiq şəxslərə ehtiyaclarına uyğun şəkildə protez-ortopedik bərpa xidməti göstəriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR