Azərbaycanlı zəvvarlar Həcc mərasiminə hazırlaşır - REPORTAJ

Azərbaycanlı zəvvarlar Həcc mərasiminə hazırlaşır - <span style="color: red;">REPORTAJ
# 14 sentyabr 2015 11:53 (UTC +04:00)

Sentyabrın 11-dən etibarən azərbaycanlı zəvvarlar Mədinə şəhərinə gəlməkdə davam edirlər. Sentyabrın 14-də daha 3 təyyarə ilə zəvvarlarımız bura gələcək. Sonuncu təyyarə isə sentyabrın 15-də Bakıdan uçacaq.

Zəvvarlarımız Heydər Əliyev Limanından birbaşa Mədinə şəhərinə gəliblər. Əvvəllər bu reyslər Ciddə şəhərinə təşkil olunsa da, bu il səfər proqramı bir qədər də asanlaşdırılıb. Zəvvarlarımız Mədinə şəhərində hotellərə yerləşdiriliblər. Onlarla yemək süfrəsi arxasında görüşdük.

Aralarında zəvvar kimi dəfələrlə gələnlər ilk dəfə burada olanlara tövsiyələr verir. Hacı Nuru düz 19-cu dəfədir müqəddəs torpaqlara səfər edir: "Mən 90-cı illərdən gələnlərdənəm. Allah bütün zəvvarlara qismət eləsin! Builki rahatlıq heç vaxt olmamışdı".

Hidayət Məmmədov üçün isə bu ilk səfərdir: "Yaxşı gəlmişik. Allah hamıya, hamının balasına qismət etsin!"

Builki zəvvarlar arasında da idmançılar var. Azərbaycan Qol Güləşi Federasiyasının prezidenti Cəsarət Əhmədov deyir ki, bura gəlmək onun uşaqlıq arzusu olub. İndi isə ailəsi ilə bu səfərdə iştirak edir: "Ən böyük arzum o idi ki, anamla bura gəlim. Çox şükür ki, arzum yerinə yetdi".

Hotelin yeməkxanasında qadınlar kişilərdən bir qədər aralıda yemək yeyirlər. Yeməkdən sonra onlarla söhbətləşirik.

Mədinə Məmmədova: "İlk dəfədir gəlirəm. Allah cəmi arzusunda olanlara qismət eləsin!"

Zəvvarların bir qismi sabah Məkkəyə yola düşəcəklər. Buna görə də indidən hazırlıqlara başlayıblar.

62 yaşlı Şamama Əhmədova uzun müddətdir bu səfəri arzulasa da, bu istəyini 62 yaşında gerçəkləşdirə bilib: "Əlbəttə, arzum idi. Şükür ki, sağ-salamat gəldik. İnşallah, sağ-salamat qayıdarıq".

Zəvvarların qrup rəhbəri Mirfəttah Fəttayev deyir ki, zəvvarların sağlıq durumları da yerindədir. Hər bir qrup üçün ayrıca həkim təyin olunub: "Şükürlər olsun, təyyarənin özündə 66 xanım və 114 kişi olub. Biz Mədinə şəhərində Peyğəmbərimizin mübarək qəbrini ziyarət etmişik. Bütün zəvvarlarımız yaxşıdır. İstər onların istirahəti olsun, istərsə də yeməkləri - hər şey yüksək səviyyədədir".

Gündə iki dəfə yeməklə təyin olunan zəvvarları gedəcəkləri yerə aparmaq üçün xüsusi maşınlar da ayrılıb. Fərqli geyimdə olan zəvvarlarımız digərlərindən seçilir. Üzərində Azərbaycan bayrağı olan geyimlər kənardan olduqca xoş təsir bağışlayır.

Qeyd edək ki, bu il Azərbaycandan Həcc ziyarətinə 2400 zəvvar gəlib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR