Elxan Məmmədov: “Bu, məhz ulduzların parlamağa başladığı bir çempionatdı”

Elxan Məmmədov: “Bu, məhz ulduzların parlamağa başladığı bir çempionatdı”
# 24 may 2016 13:40 (UTC +04:00)

Bakı – APA. “17 yaşadək futbolçular arasında keçirilən Avropa çempionatı ilə bağlı ölkəmizə gəlmiş sonuncu qonağı da yola saldıq. Bütün iştirakçıların Bakını gözəl xatirələr və müsbət emosiyalarla tərk etdiyinə əminəm”. Bu sözləri apasport.az saytına açıqlamasında AFFA-nın baş katibi Elxan Məmmədov deyib.

Assosiasiya rəsmisi mayın 5-dən 21-dək paytaxtımızın 4 stadionunda keçirilən Avropa çempionatının yekunlarını dəyərləndirib: “Təbii ki, qarşısına böyük məqsədlər qoymasına baxmayaraq, arzusuna çata bilməyən komandaların uğursuz nəticələri bu baxımdan istisnadı. Avropa çempionatının final mərhələsində iştirak etmək istənilən futbol federasiyası üçün uğurdu. Belə tədbirlər iki hissəyə ayrılır: təşkilati və idman. Avropa çempionatının təşkilati işlərinin ölkəmizdə yüksək səviyyədə həyata keçirilməsi barədə AFFA-nın prezidenti Rövnəq Abdullayev öz fikirlərini bildirib. Məsələnin idman tərəfinə gəlincə - yığmamız cəmi 1 oyunda məğlub oldu. Futbolçularımızın məğlub olduğu komanda Avropa çempionu adını qazandı”.

Baş katib qitənin ən güclü 16 komandasının iştirakı ilə baş tutan yarışın ölkəmizə faydasının böyük olduğunu vurğulayıb: “Bu cür tədbirlərin təşkili zamanı ölkənin nə əldə edə biləcəyi barədə düşünmək və təhlillər aparmaq lazımdı. Bu fikir bizi çempionatdan əvvəl də, turnir dövründə də, yarış başa çatdıqdan sonra da tərk etməyib və artıq Avropa çempionatının bizə hansı irsi miras qoyduğu haqda danışmaq olar. Burada daha konkret danışmalı olacağıq. Bunlardan birincisi meydanlarla bağlıdı. Çempionatla əlaqədar üçü İsmət Qayıbov adına təlim-məşq bazasında, biri Bakı Olimpiya Stadionunda, biri isə Milli Komandaların Məşq Mərkəzində olmaqla 5 yeni məşq meydanı quruldu. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının meydanında ot örtüyü yenisi ilə əvəz olundu”.

Məmmədov bu yarışın ölkəmizin reklamı baxımından da əhəmiyyətli olduğunu, Bakıda bir sıra gələcəyin ulduzlarının parladığını vurğulayıb: “Bildiyiniz kimi, 17 gün ərzində bütün dünyaya yayımlanan Eurosport-1 və Eurosport-2 kanallarında oyunlar nümayiş etdirildi. Eyni zamanda, Avropanın idman ictimaiyyəti qitə çempionatının nəticələrini diqqət mərkəzində saxlayaraq mütəmadi izlədi. Bundan başqa, illər ötəcək və stadionlarımızda çıxış etmiş yeniyetmə futbolçular dünya ulduzlarına çevriləcək. Bu, məhz ulduzların parlamağa başladığı bir çempionatdı”.

AFFA rəsmisi yarış zamanı ölkənin futbol infrastrukturunun istifadəsini, Avropa çempionatından vacib təcrübənin qazanılmasını da önə çəkib: “Oyunlar Bakı Olimpiya Stadionu, “Baksell Arena”, “Dalğa Arena” və “Azersun Arena”da keçirildi. Yeri gəlmişkən, istər oyun, istərsə də məşq meydanlarının ot örtüyü yüksək səviyyədə olması ilə özünü tam doğrultdu. Yerli Təşkilat Komitəsi, könüllülər, stüartlar və Avropa çempionatının təşkilinə cəlb olunmuş bütün digər şəxslər böyük təcrübə qazandılar. Futbolçularımız final mərhələsində çıxış etmək təcrübəsi əldə etdilər. Oyunları izləmək imkanı qazanan məşqçilərin təcrübə qazanmaq imkanı da oldu”.

Məmmədov Avropa çempionatının təşkili üçün UEFA tərəfindən xaricdən maliyyə vəsaitinin cəlb olunmasını qeyd edib və bildirib ki, qitə futbol qurumu təşkilatçılıqdan razı qalıb: “UEFA nümayəndələri növbəti dəfə gördülər ki, biz böyük futbol tədbirlərinin təşkilinə hazırıq və eyni zamanda, Avro-2020-nin oyunlarına nə dərəcədə hazır olduğumuzun şahidi oldular”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR