Azərbaycan və Ermənistan prezidentləri növbəti danışıqların iyunda keçirilməsi barədə razılığa gəliblər - BƏYANAT

Azərbaycan və Ermənistan prezidentləri növbəti danışıqların iyunda keçirilməsi barədə razılığa gəliblər - <span style="color: red;">BƏYANAT
# 17 may 2016 01:03 (UTC +04:00)

Bakı-APA. Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarqsyan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına sadiq olduqlarını bəyan ediblər.

APA-nın məlumatına görə, bu barədə ATƏT-in Minsk qrupunun görüşün yekunlarına dair yaydığı bəyanatında bildirilir.

Bəyanatda qeyd olunur ki, Dağlıq Qarabağ münaqişəsi hərbi yolla həll edilə bilməz. Həmsədrlər tərəfləri 1994-cü və 1995-ci illlərdə imzalanmış atəşkəs rejiminə dair razılaşmaya riayət etməyə çağırıblar.

"Prezidentlər atəşkəsə və münaqişənin sülh yolu ilə nizamlanmasına sadiq olduqlarını təsdiqləyiblər. Tərəflər təmas xəttində gərginliyi azaltmaq üçün qısa müddət ərzində ATƏT-in araşdırıcı mexanizmləri üzərində işi başa çatdırmaq barədə, həmçinin ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mövcud İdarəsinin səlahiyyətlərinin genişləndirməsi barədə razılığa gəliblər”, - deyə sənəddə vurğulanır.

Tərəflər həmçinin Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) himayəsi altında itkin düşmüş şəxslər barəsində məlumatların mübadiləsini davam etdirmək barədə razılığa gəliblər.

"İlham Əliyev və Serj Sarkisyan hərtərəfli sülh sazişi istiqamətində danışıqların bərpası məqsədi ilə danışıqların növbəti mərhələsinin qarşılıqlı şəkildə razılaşdırılacaq yerdə iyun ayında keçirilməsi barədə razılığa gəliblər", - deyə bəyanatda deyilir.

Qeyd edək ki, Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb.

1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında şiddətli müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur. Qrup ATƏT-in Nazirlər Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündə yaradılıb. Qrupun üzvləri Azərbaycan, Ermənistan, Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa, İtaliya, Almaniya, Türkiyə, Belarus, Finlandiya və İsveçdir.

1996-cı ilin dekabrından onun Rusiya, ABŞ və Fransadan ibarət həmsədrlik institutu fəaliyyət göstərir.

Ermənistan qoşunlarının Dağlıq Qarabağdan qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qısa fasilələrlə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri, o cümlədən BMT Baş Assambleyası, AŞPA, ATƏT, İƏT və digər təşkilat və qurumların qətnamələri mövcuddur.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR