Bakıda daha 6 marşrut xətti üzrə avtobuslarda kart ödəniş sistemi tətbiq olunacaq

Bakıda daha 6 marşrut xətti üzrə avtobuslarda kart ödəniş sistemi tətbiq olunacaq
# 22 avqust 2016 09:05 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyi Bakı şəhərində nəqliyyat axınının daha da yaxşılaşdırılması, ictimai nəqliyyatdan istifadə edən sərnişinlərin rahat və təhlükəsiz gediş-gəlişinin təmin edilməsi məqsədi ilə zəruri tədbirləri davam etdirir.

Agentlikdən “APA-Economics”ə verilən məlumata görə, Bakı Nəqliyyat Agentliyi mütəmadi olaraq müəyyən edilən tələblərlə bağlı paytaxtda müntəzəm sərnişindaşıma ilə məşğul olan daşıyıcı şirkətləri məlumatlandırıb: “Qoyulan tələblər sırasında ən mühümü nəqliyyatda vahid ödəmə kart sisteminə keçidin təmin edilməsidir. Bakı Nəqliyyat Agentliyi daşıyıcı şirkətlərin qısa vaxt ərzində bu sistemə keçidinə nail olmaq üçün bütün zəruri addımları atmaqdadır”.

Agentlikdən bildirilib ki, Vahid ödəmə kart sisteminə keçid ictimai nəqliyyatda mövcud olan bir sıra problemlərin birdəfəlik həllinə imkan verəcək: “Belə ki, kart sisteminə keçid daşıyıcı şirkətlərin sürücülərə aylıq əmək haqqı verməsinə səbəb olacaq ki, bu da sürücüləri gündəlik plan ödəməkdən azad edir. Məhz plan öhdəliyi sürücülərin yollarda sürət həddini aşmasına, lüzumsuz olaraq dayanacaqlarda uzun müddət dayanmalarına, avtobusa tutumundan dəfələrlə artıq sərnişin mindirməsinə, avtobusu dayanacaqdan kənarda saxlamasına səbəb olurdu. Bu isə haqlı olaraq sərnişinlərin narazılığına yol açırdı. Bu sistemə keçid həm də ictimai nəqliyyatda ödənişlərin beynəlxalq standartlara uyğunlaşdırılmasına gətirib çıxaracaq. Bu həm də sürücü ilə sərnişin arasında birbaşa əlaqəni aradan qaldıracaq. Nəqliyyat sektorunda ödəniş sisteminin liberallaşması ilə yanaşı, vəsaitlərin hərəkətinə nəzarəti mümkün edəcək. Çünki vahid ödəniş sistemi nəqliyyat sektorunda ödənişlərlə bağlı dövriyyəni müəyyənləşdirməyə imkan verəcək. Bu da vergiyə cəlb olunma və şəffaflığın təmin edilməsi baxımından əhəmiyyətli olacaq. Sistemin önəmli olan digər bir tərəfi isə sərnişin axınının real vəziyyətinə dair dəqiq statistikanın müəyyənləşməsinə imkan verməsidir”.

Qeyd edək ki, hazırda Bakı şəhərində 1,2,3,5,6,7,8,13,14 saylı marşurt xətlərindəki avtobuslarda eləcə də metronun 28 may stansiyasından Heydər Əliyev Beynəlxalq Hava Limanı istiqamətində hərəkət edən Ekspress avtobusda kart ödəniş sistemi tətbiq edilməkdədir. Yaxın vaxtlarda 18, 61, 65, 79, 85, 96 marşrut xətləri üzrə hərəkət edən avtobuslarda da kart ödəniş sisteminə keçid təmin ediləcək. Hazırda kart sistemi tətbiq ediləcək marşrut avtobuslarının keçdiyi ərazilərdə sərnişinlərin rahatlığını təmin etmək üçün ödəniş terminalları quraşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR