Fidan Hacıyeva: "Gülçöhrə obrazının öhdəsindən gələ biləcəyimə ümid edirəm"

Fidan Hacıyeva: "Gülçöhrə obrazının öhdəsindən gələ biləcəyimə ümid edirəm"
# 26 noyabr 2015 14:22 (UTC +04:00)


Bakı. Cavid Zeynallı - APA. Noyabrın 28-də Azərbaycan Dövlət Opera və Balet Teatrında Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettası nümayiş olunacaq.

APA-nın məlumatına görə, tamaşada ilk dəfə olaraq, Gülçöhrə obrazını canlandıracaq xalq artisti Fidan Hacıyeva bildirib ki, biletlər bir neçə gün öncə satılıb. Tamaşanın uğurlu keçəcəyinə inanan xalq artisti Gülçöhrə obrazı üzərində ciddi çalışdığını qeyd edib: “Gülçöhrə çətin obrazdır. Lakin rolun öhdəsindən gələ biləcəyimə ümid edirəm. Uzun illər Asya rolunda çıxış etmişəm. Asyadan sonra Gülçöhrə obrazını ifa etmək mənə maraqlıdır. Bütün kollektivə uğurlar diləyirəm".

Tamaşanı gənc dirijor, beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyev idarə edəcək. Əsas rollarda xalq artisti Fidan Hacıyeva, əməkdar artistlər Fərid Əliyev, Gülüstan Əliyeva, Yadigar Muradov, Ələkbər Əliyev və başqaları çıxış edəcəklər.

Qeyd edək ki, 1998-ci ildə Hafiz Quliyevin quruluşunda səhnəyə qoyulmuş “Arşın mal alan” artıq 17 ildir, fasiləsiz olaraq teatrın repertuarındadır.

Fidan Hacıyeva Opera və Balet Teatrının səhnəsində indiyə kimi Karmen (“Karmen”), Amneris (“Aida”), Azuçena (“Trubadur”), Rozina (“Sevilya bərbəri”), Gülüş (“Sevil”), Asya (“Arşın mal alan”), Xanəndə qız (“Koroğlu”) və s. rol və partiyaları ifa edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR