Necdət Ünüvar: “Rusiya Ermənistanı yaratmaqla Türkiyə ilə Azərbaycan və Orta Asiya türkləri arasında əlaqəni kəsib”

Necdət Ünüvar: “Rusiya Ermənistanı yaratmaqla Türkiyə ilə Azərbaycan və Orta Asiya türkləri arasında əlaqəni kəsib”
# 25 fevral 2016 12:08 (UTC +04:00)

Bakı - APA. Türkiyə Böyük Millət Məclisində Türkiyə-Azərbaycan Dostluq Qrupunun rəhbəri, hakim Ədalət və İnkişaf Partiyasının Adana millət vəkili Necdet Ünüvar Xocalı soyqırımının 24-cü ildönümü ilə bağlı mətbuat üçün açıqlama yayıb.

APA-nın məlumatına görə, Türkiyə və Azərbaycanın “bir millət, iki dövlət” olduğu vurğulanan açıqlamada bildirilir ki, 26 fevral 1992-ci ildə Xocalıda ermənilər tərəfindən qətliam törədilib, ermənilər ən vəhşi işgəncə formalarından istifadə edərək şəhər sakinlərini qətlə yetiriblər.

N. Ünüvar nəzərə çatdırıb ki, Xocalı şəhəri Dağlıq Qarabağda hava limanına malik olması, dəmir yollarının qovşağında yerləşməsi səbəbindən Ermənistan silahlı qüvvələrinin əsas strateji hədəflərindən biri olub: “Xocalı 1991-ci ildən ermənilərin mühasirəsində olub, yeganə əlaqə vasitəsi helikopterlərlə yaradılıb. 1992-ci il yanvarın 28-də mülki helikopterin vurulmasından sonra Xocalı ilə yeganə əlaqə də kəsilib. Fevralın ikinci yarısından Xocalı hər gün artilleriya və digər ağır silahlarla atəşə tutulub. Yüngül silahlarla silahlanmış 150 döyüşçünün olduğu Xocalıya Rusiyanın 366-cı alayının ağır texnikasının dəstəyi ilə hücum təşkil edilib, şəhər işğal olunub. Nəticədə 83-ü uşaq, 106-sı qadın, 70-i yaşlı olmaqla, 613 nəfər qətlə yetirilib, 487 nəfər ağır yaralanıb, 1275 nəfər əsir götürülüb. Cəsədlərin bir çoxu yandırılıb, gözləri çıxarılıb, qulaqları, burunları və digər orqanları kəsilib”.

Rusiyanın Türkmənçay müqaviləsindən sonra Azərbaycan torpaqlarına erməniləri köçürərək xristian erməni dövləti yaratmağı qarşısına məqsəd qoyduğunu qeyd edən N. Ünüvar deyib ki, bununla Rusiya Aralıq dənizi və Orta Şərqə çıxışını asanlaşdırmağı, Türkiyə ilə Azərbaycan və Orta Asiya türkləri arasında tampon bir bölgə yaratmağı nəzərdə tutub. Dağlıq Qarabağ probleminin yaranmasının da bu siyasətin nəticəsi olduğunu vurğulayan N. Ünüvar bildirib ki, Xocalı qətliamının daim gündəmdə olması, Xocalıya ədalətin bərqərar olması gələcəkdə belə qətliamların qarşısının alınması üçün də vacibdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR