“Kollektiv idarəetmə təşkilatlarının mədəni müxtəlifliyin inkişafındakı rolu” mövzusunda seminar keçirilir

“Kollektiv idarəetmə təşkilatlarının mədəni müxtəlifliyin inkişafındakı rolu” mövzusunda seminar keçirilir
# 04 may 2016 09:26 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. “Kollektiv idarəetmə təşkilatlarının mədəni müxtəlifliyin inkişafındakı rolu” mövzusunda beynəlxalq seminarın açılış mərasimi keçirilib.

APA-nın xəbərinə görə, tədbir “Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü”nə, “Beynəlxalq Əqli Mülkiyyət Günü”nə, “Müəlliflik hüququ və əlaqəli hüquqları haqqında” qanunun imzalanmasının 20-ci il dönümünə həsr olunub.

Tədbiri giriş sözü ilə açan “Azərbaycan Müəllifləri” İctimai Birliyinin sədri İsmayıl Məmmədkərimov bildirib ki, beynəlxalq seminarın keçirilməsi Azərbaycanda müəllif hüquqları sahəsinə öz töhfəsini verəcək. Müəllif və Bəstəkar Cəmiyyətlərinin Beynəlxalq Konfederasiyasının (CİSAC) baş direktoru Qadi Oron qeyd edib ki, Bakıda keçirilən beynəlxalq seminar ortaq əməkdaşlığa təkan verəcək: “Müəllif hüquqlarının qorunması üçün kollektiv idarəetmənin əhəmiyyəti böyükdür. Kollektiv idarəetmə müəllif hüquqlarının daha yaxşı qorunması sahəsində effektiv nəticələrin əldə edilməsinə gətirib çıxara bilir. Fərdi qaydada aparılan iş bir o qədər də effektli olmur. UNESCO-nun apardığı tədqiqatlara görə kreativlik iqtisadiyyata böyük dəstək olur. Tədqiqatın nəticələrinə görə, yaradıcı sənaye 30 milyondan çox insanı özünə cəlb edib ki, bu da yeni iş yerlərinin açılması deməkdir”.

Q. Oron daha sonra rəhbəri olduğu təşkilat haqda məlumat verib. O bildirib ki, CİSAC dünyada müəllif cəmiyyətlərinin aparıcı şəbəkəsidir: “Musiqi, audiovizual əsərlər, teatr, ədəbiyyat, təsviri incəsənət sahələrində 4 milyon müəllifin hüquqlarını qoruyan CİSAC özündə 120 ölkədən 230 müəllif cəmiyyətlərini birləşdirir. Qeyd edim ki, son illər ərzində Azərbaycan müəllif hüquqları sahəsində bir sıra uğurlar qazanıb”.

Beynəlxalq seminar işini bu gün və sabah panel müzakirələrlə davam etdirəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR