Azərbaycan parlament nümayəndə heyəti Argentinada səfərdə olub

 Azərbaycan parlament nümayəndə heyəti Argentinada səfərdə olub
# 11 mart 2015 08:04 (UTC +04:00)

Bakı – APA. Millət vəkili Cavanşir Feyziyevin rəhbərliyi ilə Azərbaycan Milli Məclisinin üzvləri Muxtar Babayev, Asim Mollazadə, Fuad Muradov və Aslan Cəfərov 9-10 mart tarixlərində Argentinada səfərdə olublar. Azərbaycan XİN-in mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Azərbaycan nümayəndə heyəti Argentinanın vitse-prezidenti və Senatının sədri Amado Boudou, Deputatlar Palatasının sədri Xulian Dominguez, Argentina Milli Konqresinin hər iki palatasında fəaliyyət göstərən Azərbaycanla parlamentlərarası dostluq qrupları ilə fərdi görüşlər keçirib.

Görüşlərdə Azərbaycan və Argentina parlamentləri arasında əməkdaşlıq, bu xüsusda hər iki ölkənin parlamentlərindəki dostluq qruplarının fəaliyyəti, parlamentlərarası əməkdaşlığın Azərbaycan-Argentina münasibətlərinin dərinləşdirilməsinə verə biləcəyi töhfələr müzakirə olunub. Tərəflər Azərbaycan və Argentina arasında beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlığın mövcudluğundan və hər iki ölkənin beynəlxalq məsələlərə münasibətdə mövqelərinin üst-üstə düşməsindən məmnunluğunu bildiriblər. Azərbaycanlı parlamentarlar Ermənistanın Azərbaycana qarşı təcavüzü, münaqişəyə münasibətdə beynəlxalq təşkilatların mövqeyi, münaqişənin nizamlanmasının gələcəkdə regionda sülh, əməkdaşlıq və inkişafa təsiri imkanları barədə məlumat veriblər.

Argentina parlamentində keçirilmiş görüşlərin ardınca Argentina Milli Konqresi adından Azərbaycan nümayəndə heyətinin şərəfinə rəsmi ziyafət verilib.

Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Argentinanın xarici işlər və etiqad naziri Hektor Timerman ilə də görüşüb. Argentina Xarici İşlər və Etiqad Nazirliyinin Milli Diplomatik Xidmət İnstitutunda (İSEN) “Azərbaycan və onun inkişaf strategiyası”, Argentina Beynəlxalq Əlaqələr Şurasında (CARİ) isə “Xəzər hövzəsinin geosiyasəti” mövzularında müvafiq olaraq təqdimat və dəyirmi masa təşkil edilib. Hər iki tədbirdə azərbaycanlı millət vəkilləri Cavanşir Feyziyev, Fuad Muradov və Asim Mollazadə müvafiq mövzularda çıxış edərək iştirakçıların çoxsaylı suallarını cavablandırıblar.

Azərbaycanın Argentinalı Dostları Klubu və Azərbaycanın Argentinadakı səfirliyinin birgə təşkilatçılığı ilə “Azərbaycan gecəsi” də keçirilib. Tədbirdə Argentinanın hökumətinin yüksək rəsmiləri, qanunvericilik orqanının üzvləri, siyasi analitiklər, elmi-akademik çevrələrin, yerli KİV-lərin nümayəndələri iştirak ediblər.

Azərbaycan parlamentarları səfər çərçivəsində TELAM Argentina Milli Xəbərlər Agentliyində olaraq agentliyin vitse-prezidenti Santiaqo Araqon və digər rəhbər şəxslər ilə görüşüb, eyni zamanda TELAM-a müsahibə veriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR