“ASAN xidmət”in Belçikada təqdimatı keçirilib

“ASAN xidmət”in Belçikada təqdimatı keçirilib
# 02 aprel 2015 11:58 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndə heyəti Brüsselə səfər edib.

“ASAN xidmət”in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, səfər çərçivəsində nümayəndə heyəti aprelin 1-də “Uğurlu elektron hökumət proqramlarının inkişaf etdirilməsində institusional şərtlər” mövzusunda keçirilən konfransda iştirak edib.

Elektron hökumət, açıq məlumat bazalarının yaradılması, ”ASAN xidmət” təcrübəsinin üstünlükləri və Avropada tətbiqinin əhəmiyyəti tədbirin əsas müzakirə mövzuları olub.

Konfransda Belçika İnformasiya Mərkəzinin baş direktorunun müavini Robert Herzel açılış nitqində vətəndaşlara xidmət və elektron hökumət sahəsində dövlət strukturlarının fəaliyyətindən, Belçika təcrübəsindən və daha innovativ üsulların tətbiqinin vacibliyindən danışıb.

Azərbaycanın Belçikadakı səfiri Fuad İsgəndərov isə Azərbaycanda elektron hökumət sahəsində görülən tədbirlərdən və “ASAN xidmət” modelindən, habelə dövlət xidmətlərinin göstərilməsi sahəsində Azərbaycanın uğurlu təcrübəsindən, Azərbaycan-Belçika və Azərbaycan-Avropa İttifaqı arasında əməkdaşlığın rolundan danışıb.

Tədbirdə “Vision” təşkilatı tərəfindən hazırlanmış “Vətəndaşlarla dövlət arasında əlaqələrin təkmilləşdirilməsində ağıllı texnologiyalardan və yaradıcılıqdan istifadə: Azərbaycan modeli” adlı hesabatın təqdimatı da keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR