Təbriz Həsənov: “Azərbaycan yığması turnirə hazırdır”

Təbriz Həsənov: “Azərbaycan yığması turnirə hazırdır”
# 04 may 2016 10:01 (UTC +04:00)

Bakı – APA. “Həmkarlarımı salamlayıram. Onların hər birinə uğur arzulayıram”.

Apasport.az saytının məlumatına görə, bunu 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Təbriz Həsənov deyib.

Sabah ölkəmizdə start götürəcək U-17-lər arasında Avropa çempionatı öncəsi təşkil edilən mətbuat konfransında fikirlərini bildirən Həsənov komandasının turnirə hazır olduğunu söyləyib: “Artıq zədəli futbolçularımız komandaya qoşulublar. Tam gücümüzlə turnirə hazırıq. Ümid edirəm ki, azarkeşlərimizin dəstəyi çıxışımıza müsbət mənada təsir edəcək. Portuqaliyanın oyunlarını izləmişəm. Sürətli futbolçulara malikdir. Yer aldığımız qrupun favoriti sayılır. Amma biz də meydana uğurlu nəticə üçün çıxacağıq”.

Həsənov hədəflərinin qrup səddini aşmaq olduğunu deyib: “Əsasən sabah baş tutacaq matça ciddi hazırlaşmışıq. Digər rəqiblər barədə sonra maraqlanmaq olar”.

Qeyd edək ki, Portuqaliya, Belçika və Şotlandiya ilə birlikdə A qrupunda yer alan yığmamız ilk görüşünü sabah turnirin favoritlərindən hesab edilən Portuqaliyaya qarşı keçirəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR