Çexiyalı diplomat: “Təəssüf ki, “Şərq tərəfdaşlığı” arxa plana keçib”

Çexiyalı diplomat: “Təəssüf ki, “Şərq tərəfdaşlığı” arxa plana keçib”
# 20 may 2016 16:37 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. “Əvvəllər “Şərq tərəfdaşlığı” ölkələrinə eyni yanaşma sərgilənirdi. Lakin indi Avropa İttifaqında anlayırlar ki, onlar müxtəlif ölkələrdir, müxtəlif problemləri ola bilər və nəticədə onlara münasibət, hətta münasibətlərin strukturu da fərqlənməyə başlayıb”.

APA-nın xəbərinə görə, bunu Çexiyanın İstanbuldakı baş konsulu Petr Mares deyib. O bildirib ki, hazırda Azərbaycandan çox şey asılıdır: “Əgər Azərbaycan tərəfi maraq göstərsə, əminəm ki, “Şərq tərəfdaşlığı” çərçivəsində əməkdaşlıq siyasətini daha effektiv şəkildə davam etdirə bilərik”.

P. Mares hazırda Avropa İttifaqının digər problemlərlə də üz-üzə qaldığını söyləyib: “Əgər dörd il əvvəl “Şərq tərəfdaşlığı” böyük mövzu idisə, hazırda Avropa İttifaqında “Brexit”, qaçqınlar və iqtisadi böhran kimi məsələlər gündəlikdə duran əsas məsələlərdir. Təəssüf ki, “Şərq tərəfdaşlığı” arxa plana keçib. Lakin proqramın həyata keçirilməsi üçün müqavilə bazası, maliyyə və insan potensialı mövcuddur”.

Diplomatın sözlərinə görə, Azərbaycan bu məsələdə nə qədər fəallıq göstərsə, o qədər yaxşıdır. Ukrayna, Gürcüstan, Moldova və Azərbaycanın hazırda Avropa İttifaqına üzvlüyə hazır olmadığını deyən P. Mares, bunun hər şeydən əvvəl daxili siyasi vəziyyətlə bağlı olduğunu bildirib: “Bütün bu ölkələrdə münaqişələr var. Dağlıq Qarabağ, Şərqi Ukrayna, Dnestryanı münaqişələr mövcuddur və bu münaqişələr həmin ölkələrin ittifaqa üzvlük perspektivini ləngidir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR