"Azərenerji" elektrik enerjisinin xüsusi sərfiyyatına qənaət edib

"Azərenerji" elektrik enerjisinin xüsusi sərfiyyatına qənaət edib
# 02 may 2016 12:07 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Avadanlıqların iş səmərəliliyinin artırılması, enerjinin ötürülməsi sisteminin dayanıqlı, sabit işləməsi və istismar səviyyəsinin yüksəldilməsi istiqamətində həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində cari ilin I rübündə, o cümlədən mart ayında enerji istehsalı üzrə texniki-iqtisadi göstəricilər yüksək olub.


“Azərenerji” ASC-dən “APA-Economics”ə verilən məlumata görə, ölkəmizdə elektrik enerjisinin ən iri istehsalçısı olan “Azərbaycan” İES-in kollektivi bu ilin birinci rübü, o cümlədən mart ayı ərzində enerji bloklarının və avadanlıqların etibarlı, dayanıqlı və qənaətli iş rejimini təmin ediblər. Dispetçer yük qrafikinə əməl olunmaqla istehsal proqnozu tam yerinə yetirilib. Əsas avadanlıqların zədələnməsinə və sıradan çıxmasına gətirə biləcək qəza və imtina hallarına yol verilməyib.

Stansiyada mart ayında 477,3 mln. kilovat-saatdan artıq elektrik enerjisi istehsal olunub. Energetiklər bu ilin birinci rübündə isə 1 mlrd. 572,4 mln. kVt-saat elektrik enerjisi istehsal edib enerji sistemə ötürüblər.

“Azərenerji”nin təsdiq etdiyi təmir qrafikinə uyğun olaraq, stansiyanın üçüncü enerji blokunda mart ayının sonunda orta təmir başlanıb. Hazırda stansiyada dispetçer yük qrafikinə əməl olunmaqla sutka ərzində 15-16 mln. kVt-saat elektrik enerjisi istehsal olunur.

“Mingəçevir SES Silsiləsi”nin əməkçiləri mart ayında 53,1 mln. kVt-saata yaxın elektrik enerjisi istehsal ediblər. Birinci rüb ərzində isə istehsalın həcmi 115 mln. kVt-saata yaxın olub. Elektrik enerjisinin xüsusi sərfiyyatında xeyli qənaət əldə edilib.

Elektrik enerjisinin istehsalı ilə yanaşı müəssisədə əsaslı və cari təmir işləri də davam etdirilir. “Mingəçevir SES”də 5 nömrəli hidrogeneratorda əsaslı təmir işləri görülür, üç ədəd transformator, bir ədəd avtotransformator cari təmir edilib. 110 və 220 kV-lik yarımstansiyaların hər birində bir ədəd kompressor da cari təmirdən çıxarılmış, sel sularını ötürən kanal da təmizlənib. Yenidənqurma işləri ilə əlaqədar olaraq 110 və 220 kV-lik yeni APQ-də giriş dayaqları quraşdırılıb. “Varvara SES”də də müvafiq işlər görülüb.

Respublikamızın qərb bölgəsinin enerji təminatında mühüm rol oynayan “Şəmkir SES” və “Yenikənd SES”in əməkçiləri də Mərkəzi Dispetçer Xidmətinin tapşırıqlarına layiqincə əməl ediblər. “Şəmkir SES”də mart ayında 72 mln. kVt-saat, ilin birinci rübündə isə 159 mln. kVt-saat elektrik enerjisi istehsal olunub. Şəmkirli energetiklər elektrik enerjisinin xüsusi sərfində də qənaətə nail olublar.

“Yenikənd SES”də mart ayında 600 min kVt-saat, birinci rübdə isə 63,8 mln. kVt-saat elektrik enerjisi istehsal edib, xüsusi sərfiyyatda qənaətcil olublar.

Onu da bildirək ki, hər iki stansiyada bu ilin yaz-yay sel sularının qəbulu və ötürülməsinə hazırlıq işləri davam etdirilir. SES-lərdə olan avadanlıqlarda, qurğularda təmir briqadaları tərəfindən müvafiq işlər və profilaktik yoxlamalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR