Komitə: Apreldə kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri sabit qalıb

Komitə: Apreldə kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri sabit qalıb
# 12 may 2016 11:18 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. 2016-cı ilin yanvar-aprel aylarında 2015-ci ilin eyni dövrünə nisbətən kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri 10,3%, o cümlədən bitkiçilik məhsullarının istehsalçı qiymətləri 21% azalıb, heyvandarlıq məhsullarının istehsalçı qiymətləri isə 0,8% artıb.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, bitkiçilik məhsullarının istehsalçı qiymətlərinin ucuzlaşmasına əsasən ölkədə 2015-ci ildə əvvəlki ilə nisbətən buğdanın məhsuldarlığının yüksəlməsi hesabına onun istehsalının 16,5% artması, dünya bazarında son dövrlərdə buğdanın qiymətinin aşağı düşməsi, cari ilin yanvar ayından etibarən buğdanın idxalına və satışına əlavə dəyər vergisinin tətbiqinin dayandırılması təsir göstərib.

Bundan əlavə, bir sıra tərəvəz məhsullarının qiymətləri də aşağı düşüb. 2016-cı ilin aprel ayında mart ayına nisbətən bitkiçilik məhsullarının istehsalçı qiymətlərinin 0,2% azalmasına, heyvandarlıq məhsullarının istehsalçı qiymətlərinin isə 0,2% artmasına baxmayaraq, ümumilikdə, kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə sabit qalıb.

Aprel ayında mart ayı ilə müqayisədə bitkiçilik məhsullarından alma və kələmin istehsalçı qiymətlərində bahalaşma, fındığın, xiyarın, pomidorun istehsalçı qiymətlərində isə ucuzlaşma müşahidə olunub. Digər bitkiçilik məhsullarının istehsalçı qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Aprel ayı ərzində heyvandarlıq məhsullarından süd və qoyun ətinin istehsalçı qiymətlərində azalma, yumurtanın, mal və quş ətinin istehsalçı qiymətlərində isə azalma müşahidə olunub.

Digər heyvandarlıq məhsullarının istehsalçı qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR