Astarada “Gənc xilasedici və yanğınsöndürən” yarışlarının rayon birinciliyi keçirilib

Astarada “Gənc xilasedici və yanğınsöndürən” yarışlarının rayon birinciliyi keçirilib
# 19 may 2016 15:41 (UTC +04:00)

Astara. Ağəddin Babayev - APA. Astara rayonunun təhsil müəssisələri arasında “Gənc xilasedici və yanğınsöndürən” yarışları üzrə rayon birinciliyi keçirilib. APA-nın cənub bürosunun məlumatına görə, yarışlarda Astara şəhər 1, 2, 3, 4, 6 və 7 saylı tam orta məktəblərinin komandaları güclərini sınayıblar.

Tədbirdə Astara Rayon İcra Hakimiyyətinin (RİH), Fövqəladə Hallar Nazirliyinin (FHN) Cənub Regional Mərkəzinin, Dövlət Yanğından Mühafizə Xidmətinin Astara rayon Dövlət Yanğından Mühafizə Hissəsinin, rayon Təhsil Şöbəsinin, Gənclər və İdman İdarəsinin, Təcili və təxirəsalınmaz tibbi yardım stansiyasının nümayəndələri iştirak ediblər.

Tədbirin açılış mərasimində FHN-in Cənub Regional Mərkəzinin şöbə rəisi, kapitan Ramin Rzayev, hissə rəisi, baş leytenant Cavad İbrahimov, Astara RİH-nin məsul işçisi Emin Fətəliyev, Astara rayon Təhsil şöbəsinin müdir müavini Faiq Həsənov, Astara rayon Gənclər və İdman İdarəsinin rəis müavini İqrar Cəfərov və digərləri çıxış edərək Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı və respublikanın Təhsil, Gənclər və İdman nazirliklərinin dəstəyi ilə keçirilən “Gənc xilasedici və yanğınsöndürən” yarışlarının əhəmiyyətindən, yeniyetmə və gənclərin fövqəladə hallara hazırlıq səviyyəsinin yüksəldilməsindən, məktəblilər arasında şəxsi və ictimai təhlükəsizliyə məsuliyyətli yanaşma hissinin artırılmasından, gənc nəslə hərbi vətənpərvərlik ruhunun aşılanmasından, gənclər arasında sağlam həyat tərzinin təbliğinin, məktəblilərin yanğın və texniki təhlükəsizlik qaydalarına ciddi əməl etmələrinin və ilkin tibbi yardımın düzgün göstərilməsi qaydalarının mənimsənilməsinin vacibliyindən söz açıblar.

Yarış “Kombinə edilmiş yanğın estafeti”, “Axtarış-xilasetmə işi” və “Gənc ekspertlər müsabiqəsi” adlı üç mərhələdən ibarət olub.

Gərgin mübarizə şəraitində keçən yarışların yekunlarına əsasən Astara şəhər 1 saylı tam orta məktəbi birinci, Astara şəhər 3 saylı tam orta məktəbi ikinci və Astara şəhər 6 saylı tam orta məktəbi üçüncü yeri tutub.

Yarışda fərqlənmiş komandalar diplomlarla təltif olunublar.

Qeyd edək ki, birinci yeri tutan komanda “Gənc xilasedici və yanğınsöndürən” yarışlarının Lənkəran şəhərində keçiriləcək respublika zona mərhələsində Astara rayonunu təmsil edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR