Bakıda "WorldFood Azerbaijan 2016" sərgisi keçirilir

Bakıda "WorldFood Azerbaijan 2016" sərgisi keçirilir
# 19 may 2016 10:41 (UTC +04:00)

Bakıda. Vüsal Nəbiyev - APA-Economics. Bu gün Bakı Ekspo Mərkəzində regionun qida sənayesi üzrə mühüm və əhəmiyyətli tədbirlərindən biri olan beynəlxalq “Qida sənayesi" ("WorldFood Azerbaijan 2016") sərgisi keçirilir.

APA-Economics”in məlumatına görə, sərginin açılış mərasimində çıxış edən kənd təsərrüfatı naziri Heydər Əsədov deyib ki, hər il olduğu kimi builki sərgi də özünün fərqliliyi ilə seçilir: “Biz hər il çalışırıq ki, bizim keçirdiyimiz sərgilər əvvəlki illərdən bu və ya digər formada fərqli olsun. Bu fərqlilik birinci növbədə prezident İlham Əliyevin bizim qarşımızda qoyduğu prioritetlərlə əlaqədardır. Məsələn bu il biz pambıq, tütün, barama istehsalında daha əhəmiyyətli dönüş etməyi planlaşdırırıq. Ona görə də, siz diqqət etsəniz görərsiniz ki, texnikalarımızın əsas hissəsi bu istiqamətə yönəlib. Bundan başqa, aqrar sektorda digər sahələr inkişaf etdikcə bizim mineral gübrələrə tələbatımız daha çox artır. Eyni zamanda bizim monitorinqlərimiz göstərir ki, mineral gübrələrdən istifadə səviyyəsi kifayət qədər deyil və məhsul çıxışı zamanı istifadə olunmuş mineralların qaytarılması mənfi saldoya malikdir. Ona görə biz fikirləşdik ki, builki sərgidə biz daha çox mineral gübrələrin də nümayişini keçirək və dünyanın bir çox şirkətləri öz məhsulları ilə burada iştirak edirlər. Biz informasiya məlumat bazasını genişləndirmək fikrindəyik. Fermerlərin bilik və bacarıqlarının artırılması üçün 22 regiondan fermer və iş adamlarının bura səfərlər təşkil olunacaq. Sərginin sahəsində, iştirak edən ölkələrin sayında, xarici şirkətlərin xüsusi çəkisinin artması ilə bağlı fərqlilik var”.

Hər il keçirilən “WorldFood Azerbaijan” sərgisində həm yerli, həm də beynəlxalq ərzaq məhsulları bazarının aparıcı istehsalçı, distribyutor və təchizatçıları iştirak edir. Belə ki, bu il sərgidə Almaniya, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Belarus, Çexiya, Qazaxıstan, Hindistan, İspaniya, İtaliya, Litva, Rusiya, Türkiyə, Ukrayna, və digər ölkələri təmsil edən 200-dən artıq şirkət təmsil olunur.

Sərginin bölmələrində konservləşdirilmiş məhsullarla yanaşı, süd məhsulları, baqqaliyyə məmulatları, şirniyyat, soyutma sistemləri, içkilər və bir sıra digər məhsullar təqdim olunur. Həmçinin, bu ilki sərgidə ölkə bazarında ilk dəfə təmsil olunan meyvə və tərəvəz çeşidini geniş təmsil edəcək Azərbaycan şirkətləri iştirak edir.

Hər il olduğu kimi bu il də “WorldFood Azerbaijan” sərgisi qida sənayesi sahəsində mövcud olan təmayüllər və bu sahənin əsas inkişaf problemlərinin müzakirəsi ilə yanaşı, yeni məhsul və texnologiyaların təqdimatı üçün unikal platformaya çevriləcək. Sərgi çərçivəsində ilk dəfə olaraq qida məhsulları təchizatçılarının ticarət şəbəkələri və distribyutorlarla ikitərəfli görüşləri həyata keçiriləcək. Bu cür ikitərəfli B2B görüşlər, istehsal şirkətlərinin rəhbərləri və pərakəndə satış nümayəndələri arasında şəxsi işgüzar əlaqələrin qurulmasına və ikitərəfli müqavilələrin imzalanmasına mühüm imkanlar yaradacaq.

Xəzər Beynəlxalq “Qablaşdırma, Tara, Etiket və Poliqrafiya” Ipack Caspian 2016 sərgisində isə müxtəlif sənaye sahələri üçün qablar, qablaşdırma materialları, tara və hazır qablaşdırmaların istehsal və tərtibatı üçün avadanlıqlar təqdim olunur.

Qeyd edək ki, Azərbaycanın iqtisadi potensialının artırılması və ixrac strukturunun diversifikasiyası üzrə tapşırığın həll edilməsi məqsədi ilə kənd təsərrüfatı və qida sənayelərinə böyük diqqət göstərilir. Hər il şirkətlərin “WorldFood Azerbaijan” sərgisində təqdim etdikləri yeni texnologiyalar və təcrübə mübadiləsi yüksək keyfiyyətli ixrac məhsullarının istehsalı üçün mühüm şərtdir. Keçirildiyi illər ərzində sərgi mütəxəssislərin ənənəvi görüşləri, eləcə də avadanlıq, məhsul və qida sənayesi üzrə xidmətlərin nümayiş etdirilməsi baxımından etibarlı platforma olduğunu doğrultmaqla yanaşı, yeni müştərilərin tapılması, işgüzar tərəfdaşlarla mövcud münasibətlərin möhkəmləndirilməsi və yeni satış bazarlarına çıxış üçün imkan yaradır.

Yeri gəlmişkən, iştirakçıların 82%-i sərginin nəticələri əsasında yeni müqavilələr imzalamağı planlaşdırır. İştirakçı şirkətlərin 64%-i yeni işgüzar əlaqələrin qurulması baxımımdan uğur qazanıb. Peşəkar ziyarətçilərin 93%-i gələn il “WorldFood Azerbaijan” sərgisini mütləq ziyarət edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR