İlin əvvəlindən SKMF xətti ilə sahibkarlara 83,6 milyon manat kredit verilib

İlin əvvəlindən SKMF xətti ilə sahibkarlara 83,6 milyon manat kredit verilib
# 27 may 2015 11:52 (UTC +04:00)

Hacıqabul. Əlibəy Zeynallı - APA. Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Hacıqabulda sahibkarlığın güzəştli kreditləşməsinə dair işgüzar forum keçirib.

APA-nın Mil-Muğan bürosunun verdiyi xəbərə görə, forumun keçirilməsində əsas məqsəd sahibkarlara güzəştli kreditlərin ayrılması mexanizmi barədə ətraflı məlumatların verilməsi, Hacıqabulda həyata keçirilməsi məqsədəuyğun hesab olunan nümunəvi layihələrin təqdim olunması, sahibkar-müvəkkil kredit təşkilatı münasibətlərinin möhkəmləndirilməsi, sahibkarların investisiya layihələrinin maliyyələşdirilməsidir.

Sahibkarlara forum çərçivəsində Hacıqabul rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan nümunəvi layihələr və metodiki materiallar paylanıb.

SKMF-nin icraçı direktoru Şirzad Abdullayev bildirdi ki, 2015-ci ilin ötən dövrü ərzində 2400-dən çox sahibkara 83,6 milyon manat güzəştli kredit verilib. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 5800-ə yaxın yeni iş yerinin yaradılmasına imkan verir.

Güzəştli kreditlər hesabına müasir texnologiyalara əsaslanan tikinti materialları istehsalının yaradılıb. Bu məqsədlə SKMF tərəfindən 21 tikinti materialları istehsalı müəssisəsinin yaradılmasına və ən müasir texnologiya və avadanlıqlarla təchiz edilməsinə 72 milyon manat kredit verilib. Almaniya, İtaliya, Türkiyə və digər ölkələrin müasir texnologiya və avadanlıqları əsasında qurulan 18 müəssisə artıq istifadəyə verilib.

Forumda Hacıqabul və ətraf rayonlardan olan 55 sahibkara 800 min manatdan çox güzəştli kredit verildi. Verilən kreditlər əsasən, heyvandarlıq, taxılçılıq, kartofçuluq, mebel istehsalı və s. sahələrin inkişafına yönəldiləcək. Bu kreditlərin reallaşdırılması hesabına 80-ə yaxın yeni iş yerinin açılması mümkün olacaq.

Forum çərçivəsində Hacıqabulda güzəştli kredit ayrılmış tikinti materialları istehsal edən “Gilan seramik” zavoduna baxış keçirildi. İldə 3,5 milyon kvadrat metr kafel-metlax istehsal etmək gücündə olan bu müəssisədə 360 nəfər çalışır. Müəssisəsinin fəaliyyətə başlaması ölkəmizin bu məhsullara olan tələbatının böyük hissəsinin ödənilməsinə şərait yaradıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR