Cəlilabad Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin ərazisində yanğın olub

Cəlilabad Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin ərazisində yanğın olub
# 20 iyun 2016 14:39 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Bu gün saat 14 radələrində Cəlilabad Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Göytəpə meşəbəyliyinin 16 saylı dolayının yüksək dağlıq ərazisində yanğın hadisəsi baş verib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, yanğının söndürülməsi üçün əraziyə dərhal nazirliyin yerli qurumlarının əməkdaşları cəlb olunub. Ərazi yüksək dağ massivində yerləşdiyindən yanğının söndürülməsi üçün əsasən əl əməyindən istifadə edilib və Nazirliyin əməkdaşlarının ciddi səyləri nəticəsində qısa müddət ərzində söndürülüb. Yanğın 20 sot ərazini əhatə edib və meşə fonduna ziyan dəyməyib, quru ot və kol örtüyü yanıb.

Yanğının baş vermə səbəblərinin və dəymiş ziyanın müəyyənləşdirilməsi istiqamətində araşdırma aparılır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi havaların isti keçməsi ilə əlaqədar əhalini bir daha təbiətdə olarkən odla ehtiyatlı olmağa, taxıl məhsullarının biçini zamanı yanğın təhlükəsizliyi normalarına riayət etməyə, söndürülməmiş siqaret kötüklərini ətrafa atmamağa, yanğın təhlükəsizliyi qaydalarına əməl etməyə və xalqımızın milli sərvəti olan meşələrimizi qorumağa çağırır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR