Gəncədə “Daha yaxşı gələcək üçün əməkdaşlıq” adlı beynəlxalq konfrans keçirilib - FOTO

Gəncədə “Daha yaxşı gələcək üçün əməkdaşlıq” adlı  beynəlxalq konfrans keçirilib  - <span style="color: red;">FOTO
# 27 noyabr 2014 12:10 (UTC +04:00)

Bakı. Anaxanım Hidayətova – APA. Bu gün Gəncədə 8 ölkədən olan gənclərin iştirakı ilə “Daha yaxşı gələcək üçün əməkdaşlıq” adlı beynəlxalq konfrans keçirilib. Gənc liderlərin toplantısında dövlət rəsmiləri, media, yerli icraedici orqan və vətəndaş cəmiyyətinin nümayəndələri iştirak ediblər. UNICEF-in Azərbaycandakı Nümayəndəliyinin İctimaiyyətlə Əlaqələr və Əməkdaşlıq Şöbəsindən APA-ya verilən məlumata görə, UNICEF-in dəstəyi ilə Gənclər və İdman Nazirliyi, Gəncə Şəhər İcra Hakimiyyəti, Beynəlxalq Avrasiya Mətbuat Fondunun təşkilatçılığı ilə baş tutan tədbirdə “Azərbaycan Gənclərinə Dəstək Proqramı” çərçivəsində həyata keçirilən birgə layihənin yekunları nümayiş etdirilib. Bu təşəbbüs nəticəsində iştirakçılar yerli icra orqanlarının dəstəyi ilə öz rayonlarında gənclərlə bağlı mühüm problemləri qaldırıblar.

Gəncədə keçirilən konfrans, həmçinin Uşaq Hüquqları Konvensiyasının 25 illiyinə həsr olunub və “Gəncə - 2016 Avropa Gənclər Paytaxtı” çərçivəsində hazırlıq işlərinin bir hissəsidir.

Konfransın davamı olaraq Bakıda iki günlük seminar təşkil olunacaq. Gənclərin iştirakı, könüllülük fəaliyyətinə həsr edilən sessiyada Qazaxıstan, Qırğızıstan, Tacikistan, Rusiya, Belarus, Ukrayna, Özbəkistan və Moldovadan olan beynəlxalq iştirakçılar, o cümlədən, Bakıdan gələn gənc liderlər üçün təlim keçiriləcək.

UNICEF-in Azərbaycandakı nümayəndəsi Andro Şilakadze deyib ki, gənclərə cəmiyyətə könüllü xidmət etmələri üçün yaradılan əlverişli mühit ilə yanaşı onların demokratik tərəqqi prosesində iştirakı üçün azadlığın təmin olunması ölkənin demokratik inkişaf yolunda olduğunu bildirən əsas göstəricilərdir: “UNICEF Azərbaycanın doğru yolda olduğuna və lazımi köməyi göstərəcəyinə inanır, buna görə də Gəncədə keçirilən forumlar digərlərinin təcrübəsini bölüşmək və öyrənmək baxımından əhəmiyyətli fürsətdir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR