Elman Mehdiyev: "2016-cı il büdcə layihəsi pensiyaçıların sosial müdafiəsinin daha da gücləndirilməsinə istiqamətlənib"

Elman Mehdiyev: "2016-cı il büdcə layihəsi pensiyaçıların sosial müdafiəsinin daha da gücləndirilməsinə istiqamətlənib"
# 17 sentyabr 2015 07:28 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. “Azərbaycan prezidentinin reallaşdırdığı sürətli islahatlar nəticəsində respublikamızda əldə olunan dayanıqlı inkişaf məqsədyönlü şəkildə vətəndaşların rifahının yaxşılaşdırılmasına yönəldilməkdədir. Bu siyasətin prioritet istiqamətlərindən biri kimi pensiyaçıların sosial müdafiəsinin davamlı olaraq gücləndirilməsi Dövlət Sosial Müdafiə Fondunun 2016-cı il büdcə layihəsinin əsas qayəsini təşkil edir”.

APA-Economics” xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun (DSMF) növbəti il üçün büdcə layihəsi ilə bağlı fondun sədri Elman Mehdiyev deyib.

Fondun 2016-cı il üçün proqnozlaşdırılan 3 mlrd. 78,6 mln. manat gəlirlərinin strukturu barədə məlumat verən E. Mehdiyev vurğulayıb ki, fondun növbəti il üçün gəlirlərinin 64,3%-ni sosial sığorta daxilolmaları və digər gəlirlər təşkil edəcək, dövlət büdcəsi transfertinin xüsusi çəkisi isə 35,7% olacaq.

Fond sədri 2016-cı ildə dövlət büdcəsindən fonda transferin məbləğinin cari ildə olduğu kimi 1,1 mlrd. manat təşkil edəcəyini və gələn il üçün xərclər üzrə nəzərdə tutulan artımın toplanan sosial sığorta haqları hesabına qarşılanacağını qeyd edib. O, bu göstəricilərin çətin proqnozlaşdırılan qlobal iqtisadi proseslər fonunda ölkəmizdə təmin olunan dayanıqlı inkişafın və əhalinin gəlirlərinin artım dinamikasının əyani təzahürü olduğunu, bütün bunların sosial sığorta haqları üzrə proqnozlarda öz əksini tapdığını vurğulayıb.

Məlumat verilib ki, DSMF-nin 2016-cı il üçün büdcəsi layihəsində xərclərin 3 mlrd. 11,2 mln. manatının əhaliyə ödənişlərə, 20,0 mln. manatının pensiya və müavinətlərin əhaliyə çatdırılması və bank əməliyyatlarının aparılması üzrə xidmət haqlarına, 19,1 mln. manatının sığortaolunanların sanatoriya-kurort müalicəsi və sağlamlaşdırma tədbirlərinin həyata keçirilməsi üzrə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası vasitəsilə maliyyələşdirilən xərclərə, 27,0 mln. manatının fondun aparatının və onun yerli orqanlarının saxlanılmasına, 40 min manatının beynəlxalq təşkilatlara üzvlük haqlarına, 1,3 mln. manatının Azərbaycan hökuməti ilə Beynəlxalq İnkişaf Assosiasiyası arasında 2004-cü il 23 sentyabr tarixdə imzalanan və Azərbaycan prezidentinin 2004-cü il 11 noyabr tarixli 518 nömrəli sərəncamı ilə təsdiq edilən "İnkişaf üçün Kredit Sazişi"nə əsasən "Pensiya və sosial təminat" layihəsi üzrə kreditin qaytarılmasına yönəldilməsi nəzərdə tutulub.

Əhaliyə ödənişlərin 97,1%-ni və ya 2 mlrd. 923,6 mln. manatını əmək pensiyalarının ödənilməsi üzrə xərclər, 2,9%-ni və ya 87,6 mln. manatını isə müavinət xərcləri təşkil edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR