BMT təmsilçisi: “Gənclərin inkişafı, təhsil, miqrasiya və media ilə iş terrorçuları qabaqlamaq üçün əsas faktorlardır”

BMT təmsilçisi: “Gənclərin inkişafı, təhsil, miqrasiya və media ilə iş terrorçuları qabaqlamaq üçün əsas faktorlardır”
# 18 may 2015 13:17 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. “Bu gün dünyanın müxtəlif regionlarda münaqişələr səngimir. Müxtəlif dövlətlərdə sülhə nail olmaq üçün BMT tərəfindən müəyyən işlər görülür. Lakin bu səylər emosiyalara əsaslanmalı deyil. Bunun üçün tələblər olmalı, beynəlxalq sazişlər qəbul edilməlidir. Əxlaqi normalar və etika çox güclü təkanverici qüvvəyə çevrilməlidir. Uşaqlara sülh mədəniyyətini ilk vaxtlardan öyrətməliyik”.

APA-nın xəbərinə görə, bunu BMT Sivilizasiyalar Alyansının HR Ofisinin kabinetinin rəhbəri, səfir Tariq Əl-Ənsari III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən “Zorakı ekstremizmə qarşı mübarizə: Dini plüralizmin təşviqində və müştərək rifah halının yüksəldilməsində dini liderlərin rolu” mövzulu plenar iclasda çıxışı zamanı deyib. O bildirib ki, beynəlxalq sülhün və təhlükəsizliyin qorunmasında zorakı ekstremizmə qarşı səylər, dini liderlərin rolu, sülhsevər və inklüziv cəmiyyətlərin qurulması vacibdir: “Minilliyin İnkişaf Məqsədlərindən sonra bu ilin sentyabrında BMT-nin Davamlı İnkişaf Məqsədləri qəbul ediləcək. Bu, strateji sənəddir. BMT olaraq terrorçuluğun səbəbləri, onların araşdırılmasına xüsusi diqqət yetiririk. Terrorçuları qabaqlamaq üçün 4 əsas faktor qeyd edilir ki, bunlara gənclərin inkişafı, təhsil, miqrasiya və media ilə iş daxildir. Gənclər və təhsil işi daha mühüm əhəmiyyət daşıyır. Amma biz anlamalıyıq ki, bu təhdidlərə cavab verə bilmək üçün həkim, mühəndis, diplomat olmaq lazım deyil. Biz istəyirik ki, hazırkı gənclərə elə bir tədris verilsin ki, onlar mədəni hüdudları aşaraq digər insanlarla yaşamağı bacarsınlar. Bunlar olmasa, zorakılıq aktlarının miqyası genişlənəcək. Miqrasiya da qloballaşma ilə paralel başlayan, özünü büruzə verən fenomendir. Bunun yaxşı ilə yanaşı, mənfi tərəfləri də var. Miqrasiya insanların bir-biri ilə qovuşmasına, tanımasına imkan yaradır, amma müəyyən çətinliklər də var. Bu və ya digər vətəndaşlar bir ölkənin vətəndaşlığından çıxarkən öz ölkəsinin quruluşundan fərqlənən dövlətə üz tutur. Bu zaman da müxtəlif hallarla qarşılaşırlar və müəyyən problemlər yaranır”.

Tariq Əl-Ənsari qeyd edib ki, zorakı ekstremizmə qarşı mübarizədə dini liderlərin də rolu vacibdir. Onun sözlərinə görə, dini liderlər bu məsələdə səfir rolunu oynaya bilər və öz icmalarına, davamçılarına fikirlərini çatdıra bilərlər: “BMT bu məsələyə mühüm diqqət yetirir. Bu məramın öhdəsindən gəlmək istəyiriksə, bu komponentlər üzərində fikirlərimizi qurmalıyıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR