Ötən ay 1500-dən artıq halda əmək qanunvericiliyinin pozulması faktı aşkarlanıb

Ötən ay 1500-dən artıq halda əmək qanunvericiliyinin pozulması faktı aşkarlanıb
# 04 iyun 2015 11:47 (UTC +04:00)

Bakı - APA-Economics. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) cari ilin may ayında əsasən özəl sektora aid müəssisələrdə, ticarət və ictimai iaşə, topdansatış, tikinti sektorlarında yol verilmiş ümumilikdə 1 572 halda əmək qanunvericiliyinin pozulması faktını aşkar edib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, qeyd olunan hüquq pozuntularının işəgötürənlər tərəfindən aradan qaldırılması üçün tədbirlərin görülməsi təmin edilib. Ötən ay əmək qanunvericiliyinin pozulması hallarına görə aidiyyəti işəgötürənlərə İnzibati Xətalar Məcəlləsinin müvafiq bəndlərinə əsasən cərimələr tətbiq edilib və cərimələrin 55,83%-i (191 121 manat) dövlət büdcəsinə ödənilib. Bu göstərici ötən ilin may ayına dair müvafiq göstərici ilə müqayisədə 42 997 manat və ya 29,02% çoxdur.

Ümumilikdə cari ilin 5 ayında vətəndaşların əmək hüquqlarının təmin olunması ilə bağlı işəgötürənlərin məsuliyyətinin artırılması məqsədilə DƏMX tərəfindən həyata keçirilən təsirli tədbirlər ölkədə iş yerlərinin və məşğul əhalinin mütəmadi artımı şəraitində əmək qanunvericiliyinin pozulması hallarının getdikcə azalmasına şərait yaradıb. Belə ki, Xidmət tərəfindən aşkar edilən hüquq pozuntularının sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar-may aylarında 8,27%, o cümlədən may ayında 15,34% azalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR